Feb 10 2018 18:26
Views: 1217

Azərbaycanda əmək pensiyaları artırılıb. Prezident İlham Əliyev “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında “ sərəncam imzalayıb. Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etmək tapşırılıb. Fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslimov bildirb ki, əvvəllər  hər ilin əvvəlində əmək pensiyalarının yalnız sığorta hissəsinin əvvəlki ilin rəsmi inflyasiya göstəricisi əsasında artırılması həyata keçirilirdisə, bu ildən əmək pensiyalarının ümumi məbləği ölkə üzrə orta aylıq əmək haqqının əvvəlki ildəki artım faizinə uyğun  olaraq indeksləşdiriləcək.
2018-ci il yanvarın 1-nə olan məlumata görə, ölkədə 1 milyon 318 min 432 pensiyaçı qeydə alınıb. Sərəncama əsasən, əmək pensiyalarının indeksləşdirilərək artırılması pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunacaq. Səlim Müslimov deyib ki, Dövlət və hərbi  qulluqçular, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının üzvləri, deputatlar və digər kateqoriyalardan olan şəxslər kimi pensiyaya çıxmış vətəndaşların pensiyalarına bu artımlar tətbiq olunmayacaq. Vətəndaşlara yeni artırılmış pensiyaların yaxın bir–iki günə verilməsi nəzərdə tutulur.
Səlim Müslimov  bildirb ki, vətəndaşların əmək pensiyalarının məbləği müxtəlif olduğundan pensiyalarda  artımların həcmi də  fərqli olacaq. Yaxın günlərdə pensiyaçılar öz pensiyalarını hesablanmış artımla ala biləcəklər.


Create Account



Log In Your Account