Feb 28 2019 14:23
Views: 411

Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Əməkdar rəssam Rafael Abasovun anadan olmasının 75 illiyinə həsr olunmuş sərgi açılıb. Sərgidə rəssamın ən məşhur əsərləri nümayiş etdirilir.

Əməkdar rəssam Rafael Abasov Azərbaycanın rəngkarlıq məkanında imzası tanınan və hələ də axtarılan müəlliflərdən biridir. O, bütün janrlarda uğurlu əsərlərə imzasını atıb. Azərbaycanın görkəmli şəxsiyyətlərinin, elm, mədəniyyət və siyasi xadimlərinin portretlərini ustalıqla yaratmağa nail olub. İndiyədək Rafael Abasovun əsərləri Türkiyə, Fransa, ABŞ, Çexiya, Polşa, Danimarka, Rusiya, Finlandiya, Bolqarıstan və sair ölkələrdə təşkil olunan sərgilərdə nümayiş etdirilib.   İndi isə 75 yaşlı rəssamın əlindən çıxan təbiət mənzərələri, tanınmış şəxslərin portretləri, natürmortlar və digər rəsmləri  Milli İncəsənət Muzeyində sərgilənir.

Sərginin açılış mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev əməkdar rəssamın incəsənətin inkişafına verdiyi töhfələrdən bəhs edib. Qeyd edib ki, rəssam realizm üslubunda, portret, natürmort və mənzərə janrında çəkilmiş əsərləri ilə milli incəsənət xəzinəmizin zənginləşməsinə töhfələr verib.

Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Xalq rəssamı Ömər Eldarov, Xalq rəssamı Arif Hüseynov və başqaları rəssamın yaradıcılığından, insani keyfiyyətlərindən söhbət açıb, ona yaradıcılıq axtarışlarında uğurlar arzulayıblar.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgidə ölkəmizin, xüsusən də Abşeron və Naxçıvanın doğma təbiətini böyük sevgi ilə tərənnüm edən rəssamın “Qızıl payız”, “Qala”, “Neft qazmaçıları”, “Yaşıl göl”, “Qala kəndi”, “Gecə”, “Bilgəh”, “Bahar təranəsi”, “Xatirələr”, “Düşüncələr” adlı əsərləri, yaratdığı portretlər və digərləri yer alıb.

Sərgi martın 5-dək davam edəcək.


Create Account



Log In Your Account