Feb 14 2019 15:10
Views: 368

Qazax şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanılır. Layihənin icrasına hazırlıq vəziyyəti və görüləcək işlər bağlı şəhər ictimaiyyətinə təqdimat keçirilib. 2 ilə yekunlaşacaq layihədən 45 min sakin faydalanacaq.

Qazax şəhərində yeni içməli su və kanalizasiya infrastrukturunun təqdimatında Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov deyib ki, yeni layihə əhalinin sosial rifahının yüksəldilməsinə, həyat şəraitinin yaxşılaşmasına töhfə verəcək. “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Prezident İlham Əliyevin  əhalinin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını xatırladaraq, Qazaxda icra olunacaq layihənin bu işlərin davamı olduğunu vurğulayıb. Təqdimatda layihənin məqsədi, faydası, tikinti-quraşdırma işlərinin icra qrafiki, ekoloji əhəmiyyəti barədə ətraflı məlumat verildi. Bildiirildi ki, əhalinin  dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün 6,4 km magistral, 106 km şəbəkə su xətləri çəkiləcək, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı inşa ediləcək. Şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulacaq. 82,3 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq və 4,4 km kanalizasiya kollektoru tikiləcək. Ümumilikdə şəhərdə 5870 ünvan su və kanalizasiya şəbəkələrinə qoşulacaq və sayğaclar quraşdırılacaq. Şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək.

Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağkəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 45 min sakin faydalanacaq. İçməli su və kanalizasiya şəbəkələrinin tikintisinin 2020-ci ilin sonuna kimi başa çatdırılması planlaşdırılır. Qazax şəhərində görüləcək işlər Azərbaycan Hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihəyə uyğun həyata keçirilir. Bu layihə çərçivəsində Tərtər, Gədəbəy, Daşkəsən şəhərlərində su və kanalizasiya, Astara şəhərində isə içməli su şəbəkələrinin tikintisi yekunlaşıb.

 


Create Account



Log In Your Account