Jan 03 2019 18:09
Views: 1207

Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib. Əmlak Xidmətləri Məkanının yaradılmasında əsas məqsəd Əmlak Məsələləri Dövlət Komitəsinin bütün fəaliyyət sahələri üzrə göstərdiyi xidmətlərin vahid məkanda həyata keçirilməsidir. Burada əmlakla bağlı bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, vətəndaş-məmur təmaslarının minimuma endirilməsi, xidmətlərin tam elektronlaşdırılması təmin edilib. Şənbə və bazar da daxil olmaqla həftənin bütün günləri məkanda 100-ə yaxın işçi xidmətl göstərəcək.  Burada könüllülərin xidmətlərindən də istifadə olunur. Binada, həmçinin əlillərin sərbəst hərəkəti üçün də bütün şərait yaradılıb. Burada notarius, bank, memarlıq və layihələndirmə işləri, əmlakın sığortalanması və poçt xidməti nəzərdə tutulub.
Binada gün ərzində 1000-ə yaxın vətəndaşa xidmət göstərilməsi planlaşdırılır. Əmlak Xidmətləri Məkanında, ümumilikdə, Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət təqdim ediləcək. Göstərilən xidmətlərə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, dövlət və bələdiyyə əmlakı ilə bağlı hərracların təşkili, torpaq və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, əmlakın qiymətləndirilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətlərin qəbulu, hazır sənədlərin təqdim edilməsi və digər xidmətlər daxildir.
Prezident İlham Əliyevə torpaqların idarə edilməsində istifadə olunan Peyk Müşahidə Sistemi layihəsinin iş prinsipi barədə məlumat verilib. Layihənin məqsədi torpaqlara dövlət nəzarətinin həyata keçirilməsində çevikliyin artırılması, qanunsuz tikililərin, torpağın münbit qatının korlanmasının qarşısının alınması, torpaq tədqiqatı, geobotaniki tədqiqat zamanı yeni texnologiyaların, süni intellektin imkanlarından istifadə edilməsidir. Layihə nəticəsində ölkə ərazisi peyk vasitəsilə 5 gündən bir çəkilir. Peyk vasitəsilə çəkilmiş bütün təsvirlər süni intellektin tətbiq olunduğu Peyk Müşahidə Sisteminə daxil edilir. Süni intellekt vasitəsilə təsvirlərin analizi başlayır və əvvəlki təsvirlərlə sonrakı təsvirlər arasındakı fərqlər, yəni hər çəkilişdən sonrakı dövrdə torpaq səthində baş verən dəyişikliklər və onların koordinatları Sistem vasitəsilə avtomatik olaraq müəyyən edilir.
Komitə ilə yanaşı, Peyk Müşahidə Sisteminin imkanlarından Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri, eyni zamanda, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr də istifadə edəcək. Sistemin bu ilin əvvəlindən ilkin sınaqlar həyata keçirməklə tam istifadəyə verilməsi nəzərdə tutulur.


Create Account



Log In Your Account