Jul 26 2019 15:23
Views: 230

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrınının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar hazırlıq işlərinə start verilib. Mədəniyyət Nazirliyindən CBC-yə verilən məlumata görə, yaxın günlərdə Azərbaycan Teatr Xadimləri İttifaqının təkliflərini nəzərə almaqla tədbirlər planı hazırlanacaq. Milli Dram Teatrın bədii rəhbəri və direktoru Azərpaşa Nemətov CBC-yə müsahibəsində bildirib ki, peşəkar milli teatrın yaradılmasında misilsiz xidmətləri olan teatrın yubileyinin qeyd olunması barədə dövlət başçısının sərəncamı mədəniyyət ocağına verilən yüksək dəyərin və qayğının göstəricisidir. Bildirib ki, bu xəbəri teatr kollektivi böyük sevinc və fəxr hissi ilə qarşılayıb. 

Görkəmli maarifçi Həsən bəy Zərdabinın rəhbərliyi ilə Bakı realnı məktəbin şagirdləri 1873-cü il martın 10-da M.F.Axundovun "Lənkəran xanının vəziri" komediyasını səhnələşdirib. Bununla da Azərbaycanda peşəkar milli teatrımızın bünövrəsi qoyulub. Həmin dövrdən müxtəlif tamaşalar verən teatr 1919-cu ildə cumhuriyyət dövründə dövlət statusu əldə edib. Tarixçilər hesab edir ki, teatrın yubileyinin Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik tədbirləri çərçivəsində qeyd olunması önəmli hadisədir. Çünki bu teatrın Azərbaycan xalqının milli məfkurəsinin formalaşmasında, milli oyanışında, milli özünüdərketməsində xüsusi yeri olub.

1959-cu ildə teatra Akademik status verilib. Sənətsevərlər Azərbaycan dramaturgiyasının bütün diqqətəlayiq nümunələri ilə məhz Akademik Milli Dram Teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə ediblər. Milli Dram Teatrı, eyni zamanda, dünya dramaturji irsində fəxri yer tutan və ümumbəşəri ideallar ifadə edən qiymətli əsərləri səhnələşdirib  Azərbaycan səhnə sənətinin dünya mədəniyyəti ilə daha da yaxınlaşmasında fəal rol oynayıb.

Milli Dram Teatrında Azərbaycan səhnəsinin ən qüvvətli aktyorlar nəsli yetişib.  Mirzəağa Əliyev, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Adil İsgəndərov, Hökümə Qurbanova, İsmayıl Osmanlı, Fatma Qədri, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Məmmədrza Şeyxzamanov, Həsənağa Turabov və digər qüdrətli sənətkarların Teatrın səhnəsində misilsiz ustalıqla canlandırdıqları çox sayda koloritli, mükəmməl obrazlar Azərbaycan teatrı tarixinə qızıl xətlə yazılıb. Teatrın bugünkü kollektivi d\ 100 yaşlı teatrda fəaliyyət göstərməklə fəxr edir.

Teatr, həmçinin beynəlxalq festivallardakı çıxışları ilə ölkənin mədəni nailiyyətlərinin təbliğində yaxından iştirak edib. Hazırda öz inkişafının yeni mərhələsinə qədəm qoyan Teatr Azərbaycanın özünəməxsus teatr ənənələrinin qorunub saxlanılmasında və dövlətin mədəniyyət siyasətinin gerçəkləşdirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.


Create Account



Log In Your Account