Jul 13 2019 16:37
Views: 280

Milli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi tamam olur. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda 46 yaşlı Heydər Əliyev MK-nın birinci katibi, yəni faktiki olaraq respublikanın rəhbəri seçilib. O vaxta qədər dövlət təhlükəsizlik orqanlarında işləmiş Heydər Əliyevin bu vəzifəyə təyinatı çoxları, o cümlədən özü  üçün gözlənilməz idi. Sovet rəhbərliyinin seçimini onun üzərində saxlaması ilk növbədə ölkədə qayda-qanunu bərpa etmək, korrupsiya, rüşvətxorluqla ilə mübarizə aparmaq, məmur özbaşınalığı aradan qaldırmaq məqsədi daşıyırdı.

Respublika əsas sosial-iqtisadi inkişaf göstəricilərinə görə orta ittifaq səviyyəsindən xeyli geridə qalırdı. İri sənaye və emal müəssisələrinin əksəriyyəti Bakı, Sumqayıt şəhərlərində tikilirdi ki, bu da orta və kiçik şəhərlərin inkişafına imkan vermirdi. Məhz Heydər Əliyev Azərbaycanı geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən sənaye respublikasına çevrildi. Yüzlərlə yeni sənaye müəssisəsi tikilərək istifadəyə verildi.  1969-cu ildə sənaye obyektlərinin sayı 735 idisə,  1982-ci ildə bu rəqəm 1048-ə çatdı. Ölkənin ixrac potensialı da artırdı. Respublikada buraxılan 350 adda sənaye və kənd təsərrüfatı məhsulu dünyanın 65 ölkəsinə göndərilirdi.

Heydər Əliyev milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması, milli elitanın formalaşdırılması, sağlam və intellektual gənc nəslin yetişdirilməsi istiqamətində misilsiz xidmətlər göstərib. O illərdə Azərbaycan xalqı öz dilini, ədəbiyyatını, tarixini, zəngin milli mədəniyyətinin rəngarəngliyini və çoxcəhətliliyini sanki təzədən qavrayır və yenidən qiymətləndirirdi. Elə buna görə də Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü milli özünüdərkin oyanmasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Milli lider yüksək ixtisaslı kadrların hazırlığı ilə yanaşı, hərbi təhsilin inkişafına da xüsusi diqqət yetirirdi. Bu sahədə hazırlanmış yüksəkixtisaslı kadrlar sonralar müstəqil Azərbaycan dövlətinin ordusunun qurulması və möhkəmləndirilməsinə öz töhfələrini verdilər.

Qısa müddətdə qazanılan uğurlar Sovet İttifaqı miqyasında da diqqəti cəlb etmiş və Azərbaycan rəhbərinin şəxsiyyətinə marağı artırmışdı. 1982-ci ildə Sov.İKP MK-nın Siyasi Büro üzvü seçilən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunan Heydər Əliyev bu təyinatdan sonra da Azərbaycanla daim yaxından maraqlanır, respublikanın sosial-iqtisadi, mədəni və digər sahələrdə tərəqqisi naminə dəstəyini əsirgəmirdi. 1990-cı illərdə Azərbaycanda sosial, iqtisadi və siyasi böhranın dərinləşdiyi bir vaxtda Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq dövlətçiliyin xilası və qorunması, ölkənin müstəqilliyinin bərpası istiqamətində yeni və daha böyük bir tarixi missiyanı uğurla həyata keçirdi.

   


Create Account



Log In Your Account