Dec 29 2018 16:03
Views: 316

Bu gün Milli Məclis 2018-ci ildə sonuncu iclasını keçirdi. Gündəliyə daxil edilən 52 məsələnin əksəriyyəti müzakirə olunmadan səsverməyə çıxarıldı. Bunlar arasında “Lisenziyalar və icazələr haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunlar və bəzi məcəllələrə dəyişikliklər vardı.

Mülki Prosesual Məcəlləyə edilən dəyişiklik sayəsində Azərbaycanda məhkəmələrin 60 faizində elektron məhkəmə sistemi tətbiq olunacaq.

Müzakirə doğruan məsələlərdən biri “Tibbi  sığorta haqqında” qanuna edilən dəyişikliklər idi. Layihəyə görə, xidmətlər zərfinin baza hissəsi üzrə - təqvim ili üçün adambaşına 29 manat ödənilir.

Xidmətlər zərfinin əlavə hissəsi üçün muzdlu əməklə məşğul olan şəxslər üzrə əmək haqqının 4 faiz sığorta məbləği nəzərdə tutulur. Bu məbləğ işə götürən və işçi tərəfindən hərəyə 2 faiz olmaqla ödəniləcək. Digər kateqoriyadan olan şəxslər isə il ərzində 120 manat sığorta haqqı ödəməklə il ərzində tam həcmdə tibbi yardım almaq hüququ əldə edəcəklər.

İclasın sonunda Milli Məclis adından dünya azərbaycanlılarına müraciət ünvanlanıb. Müraciətdə ümummilli məqsədlərimizin gerçəkləşdirilməsi, xalqımızın mənafelərinin qorunması naminə soydaşlarımız birliyə çağırılıb. Bildirilib ki, bütün dünya azərbaycanlıları səylərini artırsalar, Qarabağ problemin həllini daha yaxınlaşdıra bilərlər. Soydaşlarımız həm də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumalıdır.

Bununla da Milli Məclisin bu ilki payız sessiyasının sonuncu iclası başa çatıb.


Create Account



Log In Your Account