Jul 22 2019 18:49
Views: 266

Prezident İlham Əliyev Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalayıb. Sərəncam Azərbaycanda nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə imzalanıb. Sərəncama əsasən Azərbaycanda nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Hikmət Babaoğlu hesab edir ki, tarixin heç bir mərhələsində Azərbaycan mətbuatı indiki qədər dövlət və ictimai qayğı ilə əhatə olunmayıb.

Baş redaktor bildirir ki, bu, prezident tərəfindən mətbuta göstərilən qayğının kiçik bir elementidir. Bu gün  respublikamızda çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, onlayn media inkişaf edir. Mətbuat dövlət qayğısı ilə əhatə olunub. Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsidir. Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib, üçüncü binanın tikintisi davam etdirilir.

144 il əvvəl – 1875-ci ilin iyulun 22-də əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin ilk nömrəsi çap edilib.  “Əkinçi”nin cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” az müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Dövrünün görkəmli ziyalıları və qələm sahibləri qəzetlə əməkdaşlıq edib, müntəzəm məqalələrlə çıxış edibilər. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirib. Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır.

22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.


Create Account



Log In Your Account