Oct 09 2019 18:44
Views: 195

Osmanlı dövləti ilə Azərbaycan xanlıqları arasında münasibətlər tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlığa əsaslanıb. Bu fikir  Azərbaycan Milli İncəsənət Muzeyində “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqlarının münasibətləri” adlı sərginin açılış mərasimində səsləndi. Türkiyənin Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsinin arxivlərində  qorunan 30-dək sənəd ilk dəfə Azərbaycanda nümayiş etdirildi.  Qeyd olundu ki, həm Azərbaycan, həm də  Türkiyə arxivlərində iki dövlət arasında münasibətlərdən bəhs edən çox vacib sənədlər  yer alır. Burda nümayiş olunanlar Türkiyə arxivlərində Azərbaycanla Osmanlı dövləti arasında münasibətləri əks etdirən minlərlə materialların sadəcə bir hissəsidir. Türkiyənin Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal bildirdi ki, hər iki ölkənin arxivlərində hələ öyrənilməmiş sənədlər qalır.
Sərgidə nümayiş olunan sənədlər 1713-cü ildən başlayaraq 19-cu əsrin ortalarına qədərki dövrü əks etdirir. Osmanlı dövləti ilə Azərbaycan xanlıqları arasındakı isti münasibətləri göstərən bu sənədlər sonrakı dönəmlərdə Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlığın dərinləşməsinə töhfə verib. Eyni zamanda tarixi həqiqətləri əks etdirən faktlar kimi önəmlidir.
Sərgilənən sənədlər  tarixçilər, eləcə də  dövlətçilik tarixi ilə məşğul olan alimlər üçün yeni tədqiqatlar aparmaq baxımından əhəmiyyətli mənbə hesab olunur.
Sərgi oktyabrın 13-dək davam edəcək.


Create Account



Log In Your Account