May 08 2019 14:51
Views: 339

Şuşanın müdafiəsi uğrunda döyüşlərdə azərbaycanlılarla yanaşı azsaylı xalqların nümayəndələri də iştirak etmişdi. Onlardan biri də yəhudi əsilli Albert Aqarunov idi. 1991-ci ilin oktyabrında könüllü olaraq Milli Ordu sıralarına yazılan 23 yaşlı Albert Aqarunov doğma vətəni Azərbaycanın müdafiəsinə qalxıb. 8 may qəhrəmanın şəhid olduğu gündür. Döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, Azərbaycanın yəhudi icmasının təmsilçiləri qəhrəmanın xatirəsini onun məzarı başında yad ediblər.

Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikasını məhv edib. Qarabağ, Şuşa uğrunda gedən qeyri-bərabər döyüşlərdə qəhrəmanlığı ilə şöhrət qazanıb. Alberti böyük hörmət və ehtiramla "Şuşanın əfsanəsi" adlandırırdılar.

Albert Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

 


Create Account



Log In Your Account