Sep 07 2019 16:01
Views: 228

Albert Aqarunov Azərbaycan xalqının yaddaşında illərdir bu cür yaşayır - cəsarətli və vətənpərvər qəhrəman... İndi isə onun heykəli Azərbaycanın paytaxtında ucalır. Milli qəhrəmanın abidəsi artıq hazırdır və hələ açılışı olmadan böyük marağa səbəb olub. Albert Aqarunovun heykəlinin ucaldılması təşəbbüsü cəsur döyüşçünün komandiri Hacı Əzimova məxsusdur. O, öz fikirlərini Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı Ömər Eldarova bildirib. Ömər Eldarov isə bu şərəfli işi peşəkarlığına güvəndiyi gənc heykəltəraşlara həvalə edib. Rahib Qarayev və Zamik Rzayev Milli Qəhrəmanın abidəsini böyük qürur və fəxrlə hazırladıqlarını bildirirlər.
 
Hər iki gənc heykəltəraş Dövlət Rəssamlıq Akademiyasının müəllimləridir. Heykəli hazırlamağa başladıqdan sonra onlara könüllü olaraq tələbələri də qoşulub. Onlar milli qəhrəmanın xatirəsinin əbədiləşdirilməsinə az da olsa pay sahibi olmağa çalışır. Albert Aqarunovun heykəli paytaxtın Nərimanov rayonunda yerləşdirilən gündən böyük marağa səbəb olub. Heykəltəraşlar bunu iş prosesində də hiss etdiklərini deyirlər.
 
Abidə demək olar ki, hazırdır. Müəlliflər bildirirlər ki, sadəcə müəyyən tamamlama işlərindən sonra heykəl açılışa hazır olacaq. Açılış mərasiminin oktyabrda keçirilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, bu il milli qəhrəmanın anadan olmasından 50 il ötür. 1969-cu ildə Bakıda yəhudi ailəsində dünyaya gələn Albert Aqarunov Dağlıq Qarabağ münaqişəsi alovlanan zaman könüllü olaraq cəbhəyə yollanıb. Tankçı kimi çox sayda döyüşdə iştirak edib, düşmənə ağır zərbələr vurub. 1992-ci il mayın 9-da Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub.


Create Account



Log In Your Account