Aug 01 2019 17:45
Views: 169

Dağlıq Qarabağ münaqişəsinin alovlandığı dövrdə torpaqlarımızın müdafiəsi uğrunda vuruşan qəhrəmanlar unudulmur. Yüzlərlə qəhrəman övladlarımızın sırasında şəhid, milli qəhrəman Aqil Məmmədovun da adı var. Milli qəhrəmanın 50 illik yubileyinə toplaşanların hamısının söylədiyi bir fikir var idi. Onun qəhrəmanlığı əsl vətənpərvərlik nümunəsidir. Aqil Məmmədov vətən uğrunda tərəddüd etmədən həyatını qurban verən əsl vətənpərvər olmaqla yanaşı həm də yaşıdlarına örnək olmağı bacaran cəsur kəşfiyyatçı olub...

Qubadlı rayonunda anadan olan Aqil Məmmədov orta məktəbi bitirdikdən sonra Rusiyaya hərbi xidmətə yollansa da, doğma yurdunda baş verənlərə biganə qala bilməyib və qayıdaraq Qubadlı rayon özünümüdafiə taboruna qoşulub. Ermənistanla sərhəd kəndlərin müdafiəsində əfsanəvi qəhrəmanlıqlar göstərmiş “Qaranquş” kəşfiyyat dəstəsinin məğlubedilməz və ələkeçməz döyüşçüsü kimi tanınıb. 1992-ci il avqustun 7-də Susuzdağ yüksəkliyi uğrunda gedən döyüşlərdən qayıdarkən minaya düşərək şəhid olub. Aqil Məmmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Doyüş yoldaşları onu qorxmaz, cəsur döyüşçü, intizamlı əsgər kimi xatırlayır. Onlar bu gün də onun itkisi ilə barışmır.

Doğmaları üçün bu gün də onun haqqında keçmişdə danışmaq çətindir. Aqil Məmmədov şəhid olanda onun yeganə övladı Günayın cəmi 1 yaşı olub. 28 ildir ata həsrəti çəkən Günay deyir ki, şəhid qızı olmağın məsuliyyətini böyükdür.

Anım mərasimində çıxış edənlər Aqil Məmmədovun hər kəsə nümunə olan ömür yolundan bəhs edib, bu cür tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar. Qeyd olunub ki, şəhidlərimiz və Milli qəhrəmanlarımızın xatirəsini yad etmək və onları gənclərə tanıtmaq hər birimizin borcudur. Tədbirdə Milli Qəhrəman Aqil Məmmədova həsr olunan sənədli film də nümayiş olunub.    


Create Account



Log In Your Account