Jun 15 2019 17:16
Views: 373

Bu gün Azərbaycanda milli qurtuluş günü kimi qeyd edilir. 15 İyun tarixi Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

Məhz 26 il əvvəlki bu gün ölkədə müstəqilliyin və inkişafın başlanğıcını qoyan bir tarixə çevrildi. 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaratdı. Gəncədə dislokasiya olunan 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan etdi. Hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərdi. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişləndi və idarə olunmayacaq səviyyəyə çatdı. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürdü, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edirdi.

Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb. Heydər Əliyevin cəsarətli addmları sayəsində Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsindən qurtuldu.   

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başladı.

Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.


Create Account



Log In Your Account