Jul 17 2019 19:07
Views: 286

Azərbaycanda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək. Festivalın açılışı iyulun 26-da olacaq. Gədəbəydə Miskinli yaylağında qurulan Etnoqəsəbənin ərazisində yaşayış yurdları – alaçıqlarla yanaşı, Cıdır meydanı, Yaylaq bazarı, Sənətkarlıq guşəsi, “Dədə Qorqud” ocağı, Pəhləvan meydanı, Yaylaq süfrəsi kimi tematik sahələr yaradılacaq.

Mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər, xalq mahnıları, səhnələr, tamaşalar, xalq oyunları təşkil ediləcək.  Bununla yanaşı, yaylaq mətbəx nümunələri - çoban buğlaması, sacüstü kətələr, kabablar bişiriləcək. Spesifik kənd təsərrüfatı məhsullarının, müalicəvi dağ bitkilərinin satış-yarmarkası da olacaq. Festival iştirakçıları üçün Koroğlu qalasına, Mahrasa məbədinə, Qız qalasına səyahətlər təşkil ediləcək.

Yaradılacaq etnoqəsəbənin iyul-avqust ayları ərzində turistlər və qonaqlar üçün fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Avqust ayının ilk yarısında etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı el şənliyi - etnoqrafik-mədəni-idman tədbiri təşkil ediləcək. Etnoqrafik ekoqəsəbədə bir gün yaşamaq, ot biçmək, atlara qulluq etmək, nehrə çalxalamaq, tətbiqi sənətlə məşğul olmaq, milli mətbəx nümunələri bişirmək və qidalanmaq, dəyədə gecələmək üçün şərait yaradılacaq.


Create Account



Log In Your Account