Feb 07 2019 14:07
Views: 377

Fransada 24 aprel “erməni soyqırımını anım günü” elan edilib. Bu barədə Fransa prezidenti Emmanuel Makron Erməni Təşkilatları Əlaqələndirmə Şurasının tədbirindəki çıxışında bildirib.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyevin fikrincə, 3 aydır iştişaşların getdiyi bir ölkə rəhbərinin erməni məsələsinə bu dərəcədə diqqət ayırması təəccüblüdür. CBC-yə verdiyi müsahibədə millət vəkili bildirib ki, bu məsələdə Azərbaycan daim Türkiyənin yanındadır:

“Maraqlısı odur ki, Emmanuel Makron bu qərarını açıqlayarkən belə bir cümlə işlədib ki, “bu, bizim tarixi yaddaşımızın bir hissəsidir”. Bu, onu göstərir ki, 1915-ci il hadisələrində, kütləvi qırğınların törədilməsində Fransanın da Rusiya ilə birlikdə rolu olub”.

Millət vəkili əmindir ki, Fransa prezidentinin bu açıqlamasına ilk növbədə Türkiyə tərəfindən layiqli cavab veriləcək: “Türkiyə dövləti, siyasətçiləri hər dəfə ona qarşı edilən bu cür təzyiqlərin layiqli cavabını verib və yenə verəcək. Qardaş dövlət kimi Azərbaycan cəmiyyəti və siyasi dairələri Makronun açıqlamasını pisləyir və bu barədə həm mətbuatda, həm parlamentdə, həm cəmiyyətdə diskussiyalar getməkdədir. Azərbaycan Türkiyəyə qarşı edilən təzyiqlərin qarşılığında həmişə Türkiyənin yanındadır”.


Create Account



Log In Your Account