Dec 06 2019 15:20
Views: 465

“Nəsimi ili” ilə bağlı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu ölkədə dahi şairin yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirir. Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutunda İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı beynəlxalq elmi konfrans keçirilib. İnstitutun direktoru, professor Nizaməddin Maxmudov Nəsiminin həyatı və yaradıcılığı, ayrı-ayrı şeirləri haqqında söhbət açıb, böyük şairin Özbəkistanda da çox sevildiyini diqqətə çatdırıb. Digər alimlər də bildiriblər ki, Nəsimi yalnız Azərbaycan xalqının yox, həm də bütün türk dünyasının, Şərq ədəbiyyatının tanınmış şairidir. O, bəşəri ideyaları təbliğ edib. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nəsimi ili münasibəti ilə Özbəkistanda keçirilən tədbirlər, Mədəniyyət Mərkəzinin həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat verib. AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevanın “Nəsimi və 15-ci əsr özbək ədəbiyyatı” mövzusundakı çıxışı maraqla qarşılanıb. Tədbirdə akademik Azərbaycandan və Özbəkistandan olan şairlər, tədqiqatçılar, Nəsiminin mənəvi azadlığa, bəşəri dəyərlərə, əmin-amanlığa çağıran ölməz poeziyası haqqında söhbət açıblar.


Create Account



Log In Your Account