Jun 02 2020 18:02
Views: 251

Artıq bu həftəsonu 100-dən çox məcburi köçkün ailəsi “Qobu Park-3” yaşayış kompeksində öz evlərinə köçəcək. Kompleksdə yerləşdiriləcək məcburi köçkün ailələrinin bir qrupu üçün mənzillərin püşkatması keçirilib. Püşkatma məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən mənzillərin dəqiq ünvanını müəyyənləşdiriblər. Bu kompleksdə əsasən paytaxtın Yasamal rayonu ərazisində 10 yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkünlər yaşayacaq.

Vətəndaşların püşkatma zamanı seçdikləri kuponun üzərində onların yaşayacağı bina, mərtəbə, mənzil qeyd olunur.   Bu ayın sonuna kimi onların “Qobu park -3” kompleksinə köçürülmə prosesi tam başa çatacaq. “Qobu Park-3” yaşayış kompleksdəki mənzillərin ümumi sayı 1336-dır. Onların 156-sı bir, 580-i iki, 384-ü üç, 216-sı dördotaqlıdır. Bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi kombi sistemi ilə təchiz edilib.

Püşkatma Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimində tətbiq etdiyi qaydalara uyğun formada, sosial məsafənin qorunması şəraitində təşkil  edilib. Məcburi köçkünlərə binanın qarşısında qoyulumuş monitorda püşkatmanın gedişinin videogörüntüsünü izləmək imkanı yaradılıb.  “Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Ərazidə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb, uşaq əyləncə meydançaları quraşdırılıb, geniş yaşıllıq və işıqlandırma işləri görülüb.

 


Create Account



Log In Your Account