May 09 2019 16:11
Views: 242

Heydər Əliyev Mərkəzində dünya pop musiqisinin əfsanəsi, məşhur "Modern Talking" qrupunun solisti olmuş Tomas Andersin konserti keçirilib. "Musiqi centlmeni - Tomas Anders" adlı konsert proqramında müğənni ən sevilən mahnılarını, məşhur hitlərini səsləndirib. O, tamaşaçıları "Salam, Bakı", - deyə salamlayıb.

Tomas Anders konsertdə "You're My Heart, You're My Soul", "Cheri Cheri Lady" və digər məşhur mahnılarını səsləndirib.

Əsl adı Bernd Vaydunq  olan Tomas Anders  ötən əsrin 80-90-cı illərində "Modern Talking" qrupunun solisti olarkən məşhurluq qazanıb və artıq 40 ilə yaxındır ki, şöhrətin zirvəsindədir. Onun Diter Bolenlə birlikdə yaratdığı "Modern Talking" qrupunun "You're My Heart, You're My Soul" adlı ilk sinqlı 81 ölkədə birinci olub. Qrup fəaliyyətini dayandırdıqdan sonra Tomas Anders solo karyerasını davam etdirib.

Konsertdə iştirak edənlər 80-ci illərin ab-havasını yaşayıb, Tomas Andersə qoşularaq məşhur hitləri oxuyublar.

Qeyd edək ki, "Modern Talking" və Tomas Andersin solo musiqi albomlarının satışları dünya üzrə 125 milyonu ötüb. Müğənni 420-dən çox qızıl, platin plastinka və çoxsaylı mükafatlar qazanıb. Sonuncu dəfə Tomas Anders 2006-cı ildə Bakıda çıxış edib. O, son 13 ildə Bakının olduqca dəyişdiyini, artıq tam başqa bir şəhərə çevrildiyini deyib. müğənni bildirib ki, Heydər Əliyev Mərkəzi indiyədək çıxış etdiyi ən möhtəşəm konsert salonlarından biridir. ***

 


Create Account



Log In Your Account