Sep 29 2018 18:25
Views: 1038

Kainatın güzgüsü, Şərqin incisi, gözəlliklər şəhəri... Qədim zamanlardan filosoflar və şairlər Səmərqəndi belə sözlərlə təsvir ediblər. Bu şəhəri canlı olaraq gördükdə isə bütün bu sözlərin sadəcə obrazlı ifadələr olmadığını anlayırsan. İlk olaraq Səmərqəndin mavi gümbəzləri diqqəti cəlb edir. Bir-birinə bənzəyən bu abidələr arasında sanki insan nağıllar aləminə düşür.

Səmərqəndin əsasının eradan əvvəl 7-ci əsrdə qoyulduğu deyilir. Qədim İpək Yolunun üzərində yerləşən Səmərqəndin tarixində qızıl dövr Teymurilərin hakimiyyəti illəri sayılır. 1370-ci ildə Əmir Teymur bu şəhəri Teymurilər imperiyasının paytaxtı elan etdikdən sonra Səmərqənd böyük inkişaf yoluna qədəm qoyur. Burda onlarla məscidlər, mədrəsələr, qalalar və digər abidələr tikilir.

Səmərqəndin ən tarixi məkanlarından biri arxamda gördüyünüz Gur Əmir kompleksidir. Böyük sərkərdə Əmir Teymurun və onun iki oğlunun məzarı bu kompleksin içərisində yerləşir.

Əmir Teymurun məzarı Məqbərənin mərkəzindədir. O, öz ustadı Mir Səid Barakanın ayaqları altında dəfn olunub. Hökmdarın məzarının aşağısında isə onun sevimli nəvəsi Uluqbəy uyuyur. Əmir Teymurun digər nəvəsi Məhəmməd Sultan, oğulları Şahrux və Miranşahın da son mənzili Gur Əmir məqbərəsindədir. Bu abidəni Əmir Teymur nəvəsi Məhəmməd Sultan üçün inşa etdirib.

Məhəmməd Sultan 1403-cü ildə Azərbaycandan geri dönərkən qəfildən vəfat edir və onu müvəqqəti olaraq Azərbaycanda, Heydərabad məzarlığında dəfn edirlər. Sonradan onu gətirib əvvəlcə məqbərənin çölündə Xanakoda dəfn edirlər. Bir il sonra Əmir Teymur öz nəvəsi Məhəmməd Sultanın şərəfinə 1404-cü ildə buranı inşa etdirir.

Amma çox keçmədən məqbərə Əmir Teymurun özünün də son mənzilinə çevrilir. Nəvəsinin ölümündən təxminən 5 ay sonra hökmdar qəfildən dünyasını dəyişir. O, indiki Qazaxıstanın Çimkənd vilayətində səfərdə ikən vəfat edir. Əmir Teymurun cənazəsi Səmərqəndə gətirilərək burda dəfn olunur. Məqbərədə  görünən sadəcə məzarüstü daşdır. Hökmdarın cənazəsi isə yerin 5 metr dərinliyində yerləşir. Əmir Teymurun məzarının sirli olması ilə bağlı bir neçə əfsanə və rəvayət var.

Əmir Teymurun məzarının üzərindəki bu qara daş çox qiymətli nefrit daşıdır.  Əfsanəyə görə, 1740-cı  ildə İran şahı Nadir Şah Səmərqəndi işğal edərkən bu daşı özü ilə aparır. Lakin yolda daş ikiyə bölünür.

Bundan sonra Nadir Şahın qızının ağır xəstəliyə tutulduğu deyilir. Ağsaqqallar şaha Əmir Teymurun məzarının müqəddəs olduğunu deyir, daşı mütləq yerinə qoymağı tövsiyə edirlər. Rəvayətə görə, yalnız daş yerinə qaytarıldıqdan sonra Nadir Şahın qızı sağalır. Əmir Teymurun məzarı ilə bağlıən ən məşhur əfsanə isə onun açılması ilə bağlıdır.

1941-ci ildə Əmir Teymurun sərdabəsini açırlar. Həmin vaxt çayxanadan bir neçə ağsaqqal gəlir və bildirir ki, əgər Əmir Teymurun məzarı açılsa, bədbəxt hadisə olacaq. 21 iyunda gecə məzarı açırlar, 22 iyun səhər tezdən böyük vətən müharibəsi başlayır. 1942-ci ilin dekabrına qədər antropoloq Gerasimov dəqiqləşdirir ki, Teymur paytaxtda Səmərqənddə öz müəllimlərinin ayaqları altında dəfn edilib. Onun sağ ayağı soldan 5 santimetr qısa idi. Bir sözlə rus, özbək, ingilis ekspedisiyası qiymətli bir  kitab yazır. 1942-ci ilin dekabrın sonunda Stalin bütün skletləri yenidən yerinə qoyub dəfn etməyi tapşırır. Yalnız bundan sonra sovet ittifaqının bir neçə şəhəri geri alınır.

Bu hadisələrin bir-biri əlaqəli olub-olmadığını heç kim dəqiq bilmir. Amma məqbərədə insanı təəccübləndirən başqa məqamlara da rast gəlinir. Məsələn, xüsusi texnologiya ilə inşa edildiyinə görə, məqbərədə havanın temperaturu yayda və qışda eyni səviyyədə olur.600 il əvvəl bu texnologiyaların necə tətbiq edilməsi indi də suallar doğurur.

Maraqlıdır ki, məbədi yerli deyil, iranlı ustalar inşa edib. Içəri divarlar və tavan qızıl suyuna çəkilmiş naxışlarla, Qurani Kərimdən ayələrlə bəzədilib. Tarixi abidə sonuncu dəfə 1996-cı ildə, hökmdarın 660 illik yubileyi ilə əlaqədar restavrasiya edilib.  İndi bura hər gün yüzlərlə turist və yerli sakin ziyarətə gəlir. Əmir Teymurun irsi özbək gənclər üçün fəxr yeridir.

Səmərqənddə tarixi məkan axtarmağa ehtiyac yoxdur. Hər addımda tarix özü qarşınıza çıxacaq. Bütün məkanlarda isə Teymurilərin izi var. Şəhərin ən gözəl tarixi abidələrindən biri Bibi Xanım Türbəsi kimi. Əmir Teymur bu türbəni sevimli  həyat yoldaşı Saray Mülk Xanımın xatirəsinə hörmət əlaməti olaraq inşa etdirib. Məscid kimi istifadə olunan bu abidənin inşası 1404-cü ildə tamamlanıb. Səmərqəndin ürəyi isə şərq memarlığının incisi sayılan Registan meydanıdır.

Qədimdə olduğu kimi bu gün də Registan Səmərqəndin mərkəzi meydanıdır. Arxamda gördüyünüz bu üç möhtəşəm abidə mədrəsələrdir. Onlardan birini və ilkini 15-ci əsrin əvvəllərində Əmir  Teymurun nəvəsi, görkəmli alim Uluqbəy tikdirib. Sonradan digər iki mədrəsə inşa olunub.

Maraqlıdır ki, bu üç mədrəsə müxtəlif əsrlərdə inşa olunsa da, tam bir kompleks təşkil edir. Görkəmli alim Uluqbəyin göstərişi ilə tikilən ilk mədrəsənin inşası 1420-ci ildə tamamlanıb. Səmərqənd əmiri Yalanqtuş Bahadurun əmri ilə 1636-cı ildə Şer-Dor, 1660-cı ildə isə Tillə-Kari mədrəsəsi inşa edilib. Hər il minlərlə turist bu abidələri görmək üçün Səmərqəndə səfər edir. UNESCO demək olar ki, burdakı bütün abidələri bəşəriyyətin irsi siyahısına daxil edib və onlar mühafizə olunur. bir sözlə, şəhər açıq səma altında muzeydir. Bu muzeyə baş çəkməyə dəyər. 


Create Account



Log In Your Account