Oct 30 2018 18:27
Views: 381

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 10%-dən 9,75%-ə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı həddi isə buna müvafiq olaraq +/-2% - yəni 11,75-7,75 faiz səviyyəsində müəyyənləşdirilib. Faiz dəhlizinin parametrləri növbəti dəfə dekabrın sonunda müzakirə ediləcək.

Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, uçot dərəcəsinin gələcəkdə dəyişdirilməsi proqnozlaşdırılan inflyasiyanın elan olunan hədəf intervalına uyğunluğundan asılı olacaq.

Elman Rüstəmov bildirib ki, son 3 ayda orta illik infilyasiyada azalma meyli davam edir. İnflyasiyanın xarici və daxili amillərində əhəmiyyətli dəyişiklik baş verməyib. Nəqliyyat tariflərinin yüksəlməsi hesabına xidmətlərin bahalaşmasının bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin aşağı düşməsi və bütövlükdə monetar amillərin təsiri ilə neytrallaşdırılması inflyasiyanın azalma meyilini müəyyən edib. Elman Rüstəmov qeyd edib ki, beynəlxalq konyunktur son 3 ayda da Azərbaycan üçün əlverişli olaraq qalıb.

Mərkəzi Bankın sədri vurğulayıb ki, xarici maliyyələşmə şərtlərinin dəyişməsi ilə kapital çıxışı və geosiyasi gərginliklər fonunda ticarət tərəfdaşı olan bəzi ölkələrdə milli valyutaların kəskin ucuzlaşması Azərbaycanın xarici ticarət balansına əhəmiyyətli təsir göstərməyib.  

İqtisadi aktivlik barədə məlumat verən Elman Rüstəmov bildirib ki, 2018-ci ilin yanvar-sentyabr aylarında iqtisadi artım 0.8 faiz olub. Qeyri-neft sektorunda 1.1 faizlik artım baş verib. İqtisadi artım qeyri-neft sənayesində 10.7 faiz, kənd təsərrüfatında 4.3 faiz təşkil edib.

 


Create Account



Log In Your Account