Apr 19 2019 19:25
Views: 990

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi üzrə Rəhbər Komitə Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan “Mərkəzi-Şərqi Azəri” layihəsini təsdiqləyib. Layihə ilə bağlı sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons imzalayıb.
6 milyard dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 min barrel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil oluması proqnozlaşdırılır. İlk hasilatın başlaması  2023-cü ildə gözlənilir. Bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü sazişinin 2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır. SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, layihə ölkənin neft-qaz sənayesi üçün strateji əhəmiyyətə malikdir.
Rövnəq Abdullayev qeyd edib ki, bu strateji qərar Azərbaycanın enerji təchizatçısı kimi regional və dünya bazarlarında mövqelərinin daha da güclənməsinə təkan verəcək. Layihə üzrə tikinti işlərinə bu il başlanacaq və 2022-ci ilin ortalarına qədər davam edəcək. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Conz təsdiqlənən layihənin AÇG üzrə əməkdaşlıqda yeni mərhələnin başlanğıcı olduğunu deyib.
Mərkəzi- Şərqi –Azəri layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformadan əldə olunacaq neft və qaz məhsulunun Səngaçal terminalına qoşulan mövcud AÇG-2 ixrac kəmərinə ötürülməsi məqsədi ilə yeni yataqdaxili sualtı boru kəmərləri də inşa ediləcək.  Bundan əlavə, Mərkəzi –Şərqi –Azəri” və Şərqi Azəri platformaları arasında suvurma boru xətti tikiləcək.  Toplantıda yeni planlar da açıqlanıb. Bildirilib ki, SOCAR və BP şirkəti, həmçinin bütün tərəfdaşlar "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsində satışa çıxarılacaq payların alınması məqsədi ilə tenderdə iştirak etmək niyyətindədir. 
Qeyd edək ki, ötən ilin dekabrında “ExxonMobil” AÇG-dəki 6,79%-lik, "Chevron” isə layihədəki 9,57%-lik və Bakı-Tbilisi-Ceyhan boru kəmərindəki 8,9%-lik payını satmaq niyyətində olduqlarını bildirmişdi. SOCAR indi AÇG-də 25%, BP 30.37% paya malikdir.


Create Account



Log In Your Account