Jun 18 2019 18:18
Views: 579

Hər il iyunun 15-də Azərbaycanda rəsmən çimərlik mövsümünə start verilir. Əslində isə bakılılar üçün mövsüm artıq bir neçə həftədir başlayıb. Nə vaxtdır, havalar isti keçdiyindən, insanlar aktiv şəkildə dəniz sahilində istirahət edirlər.

Çimərlik həm də turizmin vacib istiqamətlərindən biridir. Azərbaycana gələn turistlərin sayı ilbəil artdığından, dənizə çıxışı olan ölkə kimi bu potensialdan bəhrələnmək önəmlidir. Buna görə də çimərliklərdə vəziyyətin yaxşılaşdırılması üçün Dövlət Turizm Agentliyi təkliflər paketi hazırlayacaq. Artıq Dövlət Turizm Agentliyi çimərliklərin hansı səviyyədə olması, burada vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini qiymətləndirmək üçün monitorinqlərə başlayıb.

Boşluqlardan biri də çimərliklərə girişin pullu olması ilə bağlıdır. Dövlət Turizm Agentliyi ictimai çimərliklərin çoxaldılmasını, çimərliklərə girişin azad olmasının tərəfdarıdır. Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyir ki, dünya praktikasında da belədir.

Pullu və ya pulsuz olmasından asılı olmayaraq, bütün çimərliklər sanitar gigiyena normalarına cavab verməlidir. Bunu respublikada çimərliklərin təmizliyinə nəzarət edən Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir. Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə çimərlik ərazilərində dəniz suyunun laboratoriya analizlərini aparıblar. Nəticələrə görə, Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri çimərlik kimi istifadəyə yararlı elan edilib.

 


Create Account



Log In Your Account