Sep 18 2019 16:50
Views: 308

Heydər Əliyev Mərkəzində “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisi açılıb. Ekspozisiyada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı unikal kolleksiya – XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunur. Bunlar 31 ölkəyə - Azərbaycan, Türkiyə, Çin, Əfqanıstan, Hindistan, İraq, İran, Yunanıstan və digər ölkələrə aid musiqi alətləridir.

Ekspozisiyada Azərbaycanin 50-dək milli musiqi aləti təqdim edilir. Eksponatları sırasında Nizami Gəncəvinin “Xəmsə”sindən səhnələr həkk olunmuş, qızıl, brilyant və sədəflərlə işlənmiş kamança, Şəkinin XVIII əsrə aid olan cürə nağarası var.

Azərbaycanın Xalq artistləri Xan Şuşinski, Rübabə Muradova, Əbülfət Əliyev, Ağaxan Abdullayevə məxsus qavallar, Həbib Bayramov, Möhlət Müslümov, Ramiz Quliyev və Ceyran Haşımovaya aid tarlar  sərgidə yer alıb. Bundan başqa Aftandil İsrafilovun qarmonu, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun sazı, tanınmış balaban ifaçısı Nizan Fətəliyevə aid balaban, Əməkdar artist Ədalət Vəzirovun kamançası da nümayiş etdirilir. Xalq artisti Natiq Şirinovun e.ə. V minillikdə Azərbaycanda mövcud olmuş küpə zərb aləti əsasında 2006-cı ildə hazırladığı alət, e.ə. IV minilliyin sonlarına aid nağara əsasında 2010-cu ildə düzəltdiyi nağara, 2015-ci ildə Azərbaycanda ixtira olunmuş ilk stereofonik simli musiqi aləti “Stereo Buta” da təqdim edilir.

NASA bölümündə 1977-ci ildə “Voyacer 1” kosmik gəmisində dünya xalqlarına məxsus 27 melodiya ilə birgə kosmosa göndərilmiş Azərbaycan musiqisini də dinləmək mümkündür. Muğam otağında tanınmış xanəndələrin ifalarından ibarət videoçarxlar, monitorlarda isə Azərbaycan muğamı, aşıq sənəti, tar və kamança ifaçılığına aid musiqi nümunələri təqdim edilir. Sərgidə hər bir musiqi alətini dinləmək və ifa xüsusiyyətləri ilə tanış olmaq məqsədilə video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar quraşdırılıb.

 


Create Account



Log In Your Account