May 18 2019 19:35
Views: 421

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu gün Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Dünyanın 150-dək ölkəsində qeyd edilən bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Beynəlxalq Muzeylər Günü Azərbaycanda da qeyd edilir. Bu münasibətlə hər il ölkə muzeylərində “Açıq qapı” günü keçirilir.
 “Açıq qapı” günündə muzeylər səhər saat 10-dan axşam 7-dək pulsuz xidmət göstərir. Elə bu səbəbdən də İçərişəhərdə yerləşən “Qız qalası”nda qələbəlik yaşanırdı. Təkcə paytaxt sakinləri deyil, şəhərimizin qonaqları da 12-ci əsrə aid bu tarixi abidəni ziyarət etmək üçün sıraya düzülmüşdülər.
Beynəlxalq Muzeylər Günü münasibətilə məktəblilərin də tarixi məkanlara və muzeylərə ekskursiyaları təşkil edilir. Şagirdlər muzeylərin kolleksiya fonduna tamaşa edir, tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlandırılırlar.
Beynəlxalq Muzeylər Günü hər il dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu il Muzeylər Şurası “Muzeylər mədəniyyət mərkəzləri kimi: ənənələrin gələcəyi” devizini elan edib. Belə ki, ənənəvi mədəniyyət mərkəzləri olmaqla yanaşı, muzeylər öz kolleksiyalarının qorunmasının yeni yollarını axtarırlar. Artıq bu gün muzeylər ziyarətçilərin innovativ proqramların iştirakçısı ola biləcəyi interaktiv mərkəzlərə çevrilirlər.


Create Account



Log In Your Account