Apr 16 2018 18:21
Views: 287

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və müttəfiqlərinin Suriyada həyata keçirdiyi hərbi əməliyyatları tənqid edib. Ərdoğan bu əməliyyatı gecikmiş adlandırıb və bölgəyə davamlı sülh gətirəcəyinə şübhə etdiyini bildirib.
Əməliyyatlardan dərhal sonra açıqlamasında Türkiyə prezidenti bu addımı müsbət qarşıladığını bildirmişdi. Məsələ NATO-nun baş katibi Yens Stoltenberqin Türkiyəyə səfəri zamanı gündəmdə olub. Alyansın baş katibi bu əməliyyatın Bəşər Əsəd və İran üçün açıq mesaj olduğunu deyib. Bununla yanaşı, əməliyyatların davamlı olmayacağı mesajını verib.
Suriyadakı hərbi əməliyyat Rusiya ilə Türkiyəni qarşı-qarşıya gətirməyəcək. Bunu isə Fransa prezidenti Emmanuel Makronun bəyanatını şərh edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.  
Xatırladaq ki, aprelin 14-də səhərə yaxın ABŞ, Böyük Britaniya və Fransa hərbi hava qüvvələri  Suriyadakı 3 obyektə raket zərbələri endirib. Əsas hədəfin dinc sakinlər deyil, hərbi obyektlər olduğu və hədəflərin hamısının vurulduğu bildirilir. Suriya və Rusiya hərbi dairələri isə atılan raketlərin çoxunu raketdən müdafiə sistemlərinin məhv etdiyini açıqlayıb. Əsas müttəfiqləri rəsmi Vaşinqtonu dəstəkləsə də Almaniya qismən neytral qalmağa üstünlük verib. İran, Rusiya, Çin bu addımı pisləyib.  Birləşmiş Ştatların özündə də çox sayda insan Suriyanın bombalanmasına qarşı çıxıb. Ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilib.


Create Account



Log In Your Account