Mar 31 2020 18:48
Views: 324

İqtisadiyyat Nazirliyi və Azərbaycan hökumətinin iqtisadi blokuna daxil olan qurumların birgə səyi nəticəsində koronavirusun ölkə iqtisadiyyatına təsirinin azaldılması üçün 9 proqram hazırlanıb. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov AzTV-nin “Hədəf” verilişində məlumat verib. Bildirib ki, proqramlar hazırlanarkən ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işi həyata keçirilib. Bu zərər 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir. Nazir qeyd edib ki, hazırda ölkədə 1,555 milyon muzdlu işçi var ki, bunun da 915 mini dövlət və neft sektorlarında çalışır. Qalan 640 min muzdlu işçi isə qeyri-dövlət və qeyri-neft sektorlarında çalışır. Bu proqramların fəlsəfəsi həmin işçilərin əmək haqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir. İqtisadi İslahatlaırn Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanın antiböhran proqramı kifayət qədər genişmiqyaslıdır və 2,5 milyard manat təşkil etməklə Ümumi Daxili Məhsulun 3,1 faizidir. Müqayisə üçün deyək ki, Gürcüstanda bu ÜDM-nin 2%-i, Rusiya 0,3 faizini, Türkiyədə ÜDM-nin 2 faizini təşkil edİR. O qeyd edib ki, global şokların Azərbaycana təsirini azaltmaq üçün hökumətin dəstək proqramı zərərçəkən 4 sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək.İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi qrupu sahələrin zərər çəkməsini üç dərəcədə qiymətləndirib: ən çox, əhəmiyyətli və minimal ziyan çəkən sahələr. Belə yanaşma dəstək proqramının ədalətliliyi və ünvanlılığı, habelə resursların səmərəli istifadəsi baxımından əhəmiyyətlidir. Vüsal Qasımlı hesab edir ki, eyni zamanda 290 min mikro sahibkar dövlət dəstəyindən yararlanacaqlar. Bu zaman da onların 2019-cu ildə ödədikləri vergi həcmi əsas götürüləcək. Vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək verilməsi üzrə dövlət proqramları da işlənilib. Hazırda qlobal şokların təsiri altında kredit ödənişlərində yarana biləcək çətinliklərin aradan qaldırılması üçün dövlət tərəfindən dəstək verilməsi planlaşdırılır.


Create Account



Log In Your Account