May 14 2020 18:20
Views: 375

Xaçmaz rayonunda 24 hektarlıq sahədə yeni intensiv bağ salınıb. Bununla da albalı, armud, şaftalı, gilas meyvələrinin əkildiyi müasir tipli bağın sahəsi 76 hektara çatdırılıb. Kənd təsərrüfatı aziri İnam Kərimov bağlara baxış keçirib. Qeyd olunub ki, damcı üsulu ilə suvarılan bu bağlarda işlər tam mexanikləşdirilib. İnam Kərimov Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Qusarçay təcrübə stansiyasına baş çəkib. 161 hektarlıq nümunəvi təsərrüfatda yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik, abiotik amillərin mənfi təsirinə, xəstəlik və zərərvericilərə davamlı tərəvəz məhsulları yetşdirilir. Nazir İnam Kərimov Xaçmaz sort sınaq məntəqəsinin tikinti işlərinin gedişi ilə maraqlanıb, 2500 ton tutumu olan soyuducu anbara baxış keçirib.

İnam Kərimov Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnsititutuna, “Fermer evi”nə, II Nügədi yerləşən intensiv bağa baxış keçirib, fermerlərlə fikir mübadiləsi aparıb. Fermerlər bildiriblər ki, dövlətin aqrar sahənin inkişafına verdiyi dəstək insanların kənd təsərrüfatına marağını daha da artırıb. Nazir qeyd edib ki, ölkədə koronavirusun yayılmasına qarşı görülən tədbirlərin kənd təsərrüfatına, fermerlərin fəaliyyətinə, vətəndaşların kənd təsərrüfatı məhsulları ilə təminatına mənfi təsir göstərməməsi üçün bütün zəruri addımlar atılıb. Bunlardan biri də maarifləndirmədir.

Nazir Azərbaycanda ilk dəfə Qubada müasir texnologiyaların tətbiqi ilə yaradılan “Ağıllı bağ” layihəsi çərçivəsində görülən işlərlə tanış olub.   Bu layihə çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılıb və kompüter idarəetməsi tətbiq olunub. Qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, müxtəlif növ meyvə ağacları becərilir. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu Günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışır. “Ağıllı bağ”da günəş, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılıb. Bu sistem vasitəsilə meyvə bağlarında bitkilərin inkişafı prosesinə nəzarət olunur. Meyvə ağaclarının suya, gübrəyə olan tələbatı, həmçinin zərərverici və xəstəlikləri barədə məlumatlar mərkəzi sistemə ötürülür. Bundan başqa, sistemdə meyvələrin ölçülərinin böyüməsi dinamikası da mütəmadi öz əksini tapacaq.


Create Account



Log In Your Account