Apr 30 2019 18:08
Views: 365

Ötən il prezident seçkilərindən sonra Azərbaycanda islahatların yeni mərhələsi başlayıb və onun icrası üçün məqsədyönlü addımlar atılıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında belə deyib. Bildirib ki, islahatlara alternativ yoxdur.

Dövlət başçısının sözlərinə görə, birinci rübdə büdcə daxilolmaları artıb, bununla da əlavə maliyyə resursu formalaşıb.  İlin əvvəlində ÜDM, sənaye, kənd təsərrüfatı istehsalı artıb, ölkə iqtisadiyyatına 2.8 milyard dollar sərmayə qoyulub. Azərbaycan Dünya Bankının Doing Business hesabatında 25-ci yerə layiq görülüb və 10 ən islahatçı ölkə sırasına daxil edilib. İlin əvvəlindən böyük həcmli sosial paketin icra edildiyini deyən prezident İlham Əliyev minimum əmək haqqının, minimum pensiyanın, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdlərinin və digər sosial ödəmələrin artdığını bildirdi.

Dövlət başçısı problemli kreditlərlə bağlı məsələnin və vaxtilə tikilən, amma istismara qəbul olunmayan binalarla bağlı yaranan problemin həll olunduğunu vurğuladı. “Bizim siyasətimizin hədəfində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik” – deyən prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair 4-cü dövlət proqramının əhəmiyyətindən danışıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən prezident bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanın mövqeyində dəyişiklik yoxdur. Münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır.

Sonra Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, kənd təsərrüfatı naziri İnam Kərimov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış ediblər.

Prezident İlham Əliyev yekun nitqində hazırda iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlandığını, ölkədə aparılan islahatların beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini bildirib. Dövlət başçısı ilin sonuna qədər elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorativ tədbirlər, xarici sərmayələrin cəlbi, məcburi köçkünlər və şəhid ailələrinin yeni mənzillərlə təmin olunması ilə bağlı görüləcək işlərdən danışıb. Son 15 ildə ölkədə 2 milyon yeni iş yerinin yaradıldığını, əhalinin sayının 10 milyona çatdığını, bunun da qarşıda yeni vəzifələr qoyduğunu deyən Prezident İlham Əliyev bildirib ki, bu il də sosial infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılacaq. Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş verən zəlzələnin fəsadlarının uğurla aradan qaldırıldığını deyən dövlət başçısı Azərbaycan vətəndaşlarını əmin edib ki, dövlət hər zaman onların yanında olacaq.


Create Account



Log In Your Account