Feb 20 2019 18:13
Views: 273

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci iclasında iştirak edən ölkələr strateji əməkdaşlıqlarını və Azərbaycanın layihədəki rolunu təsdiqləyiblər. Bunu nazirlərin iclasından sonra keçirilən mətbuat konfransında energetika naziri Pərviz Şahbazov bildirdi. Onun sözlərinə görə, bu il Məşvərət Şurasına qatılan ölkələrin sayı daha da artıb.

Ötən il Cənub Qaz Dəhlizi layihəsi çəçivəsində həyata keçirilən açılış mərasimlərini xatırladan nazir bildirdi ki, bu layihənin reallaşması iştirakçı dövlətlər üçün ilk növbədə enerji təhlükəsizliyi, eyni zamanda davamlı inkişaf deməkdir.

Avropa Komissiyasının büdcə və insan ehtiyatları komissarı Günter Ottinger Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində görülən işləri yüksək qiymətləndirildiyini bildirdi. Və layihənin sonuncu hissəsindəki işlərin 2020-ci ildə tamamlanacağına ümid etdiklərini dedi.

Avropa komissarı bildirdi ki, Avropa İttifaqı həm enerji marşrutlarını, həm də enerji mənbələrini şaxələndirmək niyyətindədir. Bu baxımdan, Xəzər dənizi və Azərbaycan Avropa üçün böyük strateji əhəmiyyət daşıyır.

“Azərbaycan və  SOCAR Avropa İttifaqının strateji enerji tərəfdaşıdır. Cənub Qaz Dəhlizi tikilib qurtarandan sonra başqa istiqamətlərdə də əməkdaşlığa davam edəcəyimiz barədə bu gün müzakirə aparmışıq. Bizi birgə məqsəd birləşdirir. Qarşıdakı 10 il ərzində bu bölgədən gələn təbii qaz tədarükünü 20-25 milyard kubmetrə çatdırmaq fikrindəyik”.

Mətbuat konfransında qeyd olundu ki, Türkmənistan hökumətinin üzvünün Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V iclasında iştirak etməsi rəsmi Aşqabadın bu marşruta marağını nümayiş etdirən siqnaldır. Əgər Türkmənistan qazını Trans-Xəzər Boru Kəməri ilə nəql etməkdə maraqlı olarsa, bununla bağlı qərar qəbul edə bilər. Həmçinin vurğulandı ki, bu gün imzalanan birgə bəyannamə Azərbaycanla Avropa İttifaqı arasındakı qarşılıqlı faydalı əməkdaşlığı daha da gücləndirəcək.


Create Account



Log In Your Account