Sep 14 2018 14:25
Views: 309

3-cü dəfədir, Bakıda təşkil olunan “İndoneziya mədəniyyət festivalı” çərçivəsində bu ölkənin zəngin və koloritli mədəniyyətini əks etdirən konsert proqramı keçirilib. Bu ilki festival əvvəlkilərdən proqramın rəngarəngliyi ilə seçilib. İndoneziyandan mədəniyyət, təhsil və idman naziri Muhacir Effendinin başçılıq etdiyi böyük nümayəndə heyəti də tədbirə qatılıb. Nazir bildirib ki, festivalın keçirilməsində əsas məqsəd həm İndoneziyanın müstəqilliyinin 73-cü ildönümünü qeyd etmək, həm də zəngin mədəniyyətini tanıtmaqdır.
“Qeyd etmək istəyirəm ki, bu festival İndoneziya və Azərbaycan arasında diplomatik əlaqələrin müsbət yöndə irəliləməsini sübut edir. Rəsmi əlaqələr 1992-ci ildə qurulub. Biz həm İslam Əməkdaşlıq Təşkilatı, həm də İSESCO çərçivəsində fəal və uğurlu əməkdaşlıq edirik. Həm xalqlarımız arasında, həm də rəsmi səviyyədə əməkdaşlığımız çox yüksək səviyyədədir. İndoneziya hökuməti Azərbaycanla əməkdaşlığı davam etdirməyə sadiqdir”.
Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan və İndoneziya iki dost ölkədir və beynəlxalq təşkilatlar çərçivəsində ortaq mövqedən  çıxış edir.
“1992-ci ildən bəri ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi və diplomatik münasibətlər ildən-ilə güclənir. Bunu əsas sübut edən faktlardan biri də hər il ölkələrimiz arasında yüksək səviyyəli  qarşılıqlı səfərlərin həyata keçirilməsidir. İndoneziya hökuməti Azərbaycanda keçirilən bütün tədbirlərə böyük diqqət göstərir. Daima Azərbaycanda keçirilən tədbirlərdə fəal iştirak edir. Xüsusilə də İslam dünyasını birləşdirən İSESCO təşkilatı çərçivəsində yaxın mövqedən çıxış edirik”.
İndoneziya mədəniyyətinin çoxşaxəli olmasında rol oynayan əsas amillərdən biri ölkə ərazisində 300-dən çox etnik qrupun və lokal dinlərin mövcud olmasıdır.  Hər ada, hər şəhər və hətta xırda yaşayış məskəninin öz adət-ənənəsi, lokal mədəniyyəti, hətta öz dini mövcuddur.
Rəngarəng indoneziya rəqsləri festivalda xüsusi canlanma yaradıb.
Məşhur indoneziyalı caz ifaçısı Ameliya Ong-un ifasını da tamaşaçılar maraqla qarşılayıb.
“Arxipelağın ən zəngin mədəniyyətini yaşatmaq” devizi altında keçirilən festival sentyabrın 16-na qədər davam edəcək. Tədbirlər zamanı iştirakçılar İndoneziyanın arxipelaq kulinariyası, milli geyimləri, əl işi olan əşyalar, qəhvə, çay və digər məhsulları ilə yaxından tanış olacaqlar. Festivalın 4-cü günündə isə İndoneziya və Azərbaycan iş adamları arasında əməkdaşlığı genişləndirmək məqsədilə işgüzar görüşlər keçiriləcək.


Create Account



Log In Your Account