Oct 05 2018 14:50
Views: 779

İndoneziyanın Mərkəzi Sulavesi adasında güclü zəlzələ və sunami baş verməsindən bir həftə keçsə də, insanlar hələ yaxınlarını sağ tapmaq ümidini itirməyib. Lakin xilasedicilər təbii fəlakət zamanı itkin düşənlərin sağ qalmaq ehtimalının olmadığını bildirir.

Ən son məlumata görə, tapılan meyitlərin sayı 1558-ə çatıb. Lakin bu ölənlərin yekun sayı deyil. Zəlzələ və sunamidən sonra torpağın ayrılması nəticəsində minə yaxın insanın yerin altında qaldığı bildirilir. İndoneziya təbii fəlakət mərkəzinin rəsmiləri bildirir ki, 3 metrlik palçıq qatının udduğu bu insanların sağ qalma ehtimalı sıfıra bərabərdir.

Xilasetmə əməliyyatları topraq qatının yaş olması səbəbindən çətinləşib. İndiyədək cəmi 74 nəfəri sağ xilas etmək mümkün olub. İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fanani CBC-yə eksklüziv müsahibəsində bildirib ki, indi ərazidə humanitar böhran yaşanır.

“Zəlzələ nəticəsində yer aralanıb. Nəticədə kəndlərin böyük qismi yerin altında qalıb. Yeraltı təkanlar hazırda da davam etməkdədir. Zəlzələnin ardınca baş verən sunami də çox sayda insanın həyatını itirməsinə səbəb olub. Aeroportlar da normal rejimdə fəaliyyət göstərə bilmir. O səbəbdən biz yardımları dəniz yolu və helikopter vasitəsilə əldə edirik. Qonşu ölkələr də bizə yardım edir. Mən Azərbaycan xalqına İndoneziyada baş verən bu faciəyə həssas münasibət göstərdiklərinə görə minnətdarlığımı bildirirəm.  Gəlin, indoneziyalı qardaşlarımız üçün dua edək”.

Səfir bildirib ki, xilasetmə tədbirləri davam etdirilir. Lakin təbiət hadisələri də dayanmır.

“Xilasetmə tədbirlərini hazırda da davam etdiririk. Sulavesi adasının şimalında indi də vulkan püskürməsi baş verib. Ölənlərin siyahısını və sayını müəyyənləşdirməkdə çətinlik çəkirik. Qonşu ölkələrdən bizə ərzaq, dərman vasitələri və əsas da içməli su göndərilir. Hazırda əsas çatışmazlıq içməli sudur. Hökumətimiz faciənin nəticələrini aradan qaldırılması üçün  5 milyon ABŞ dolları vəsait ayırıb”.

Sentyabrın 28-də İndoneziyanın ən böyük adalarından biri olan Sulavesi adasında dənizin dərinliyində zəlzələ baş verib. 7.5 bal gücündə baş vermiş zəlzələdən sonra sunami yaranıb və nəhəng dalğalar çox sayda yaşayış məntəqəsini yer üzündən silib.


Create Account



Log In Your Account