Apr 22 2019 18:36
Views: 436

2018-ci ildə Azərbaycanın neftin və qazın satışından əldə etdiyi gəlirləri 9,8 milyard dollara çatıb. Bunu Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda energetika naziri Pərviz Şahbazov dedi. Bildirdi ki, növbəti 3 ildə ölkədə neft hasilatında sabitlik, qaz hasilatı və ixracında artım gözlənilir.  Onun sözlərinə görə, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz kondensat yatağından işlənmənin əvvəlindən bu il aprelin 1-dək 104,2 mlrd.kubmetr qaz, 25,1 mln.ton kondensat hasil edilib. İndiyədək bu yataqdan 69,7 milyard kubmetr qaz ixrac edilib.

Forumda çıxış edən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Xəzərin statusunun müəyyən olunmasının enerji resurslarının hasilatı və nəqlinə müsbət təsir edəcəyini dedi. Bildirdi ki, Qazaxıstanda bir müddət əvvəl keçirilmiş Xəzərin statusu ilə bağlı işçi qrupun toplantısında bununla bağlı mühüm məsələ müzakirə olunub.

Azərbaycanda 170 il sənaye istehsalı aparıldığını deyən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sovet dövründə neft hasilatı yerləri və Xəzər dənizində çirklənmələrdən danışdı. Bildirdi ki, Azərbaycan 2-ci dəfə müstəqillik qazanandan sonra dövlətin bu məsələyə münasibəti dəyişib.

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən IV beynəlxalq foruma dünyanın 22 ölkəsindən 300-ə qədər nümayəndə qatılıb. Tədbirdə Xəzər və Mərkəzi Asiya regionlarının yanacaq-energetika, logistika strukturlarının, aparıcı yerli və beynəlxalq şirkərlərinin nümayəndələri, çoxsaylı mütəxəssislər iştirak edir. Əsas müzakirə mövzusu neft-qaz bazarları, logistika və tranzit potensialı, neft və neft məhsullarının ticarət dövriyyəsi, neft emalı və neft kimya müəssisələrinin modernizasiyasıdır.

Forum sabah işini davam etdirəcək.


Create Account



Log In Your Account