Nov 06 2019 17:18
Views: 157

“Neft Daşları" yatağı üzrə qalıq ehtiyatlar 210 mln ton, çıxarıla bilən ehtiyatlar isə 18-20 mln ton civarındadır. Bu barədə "Neft Daşları"na təşkil olunmuş media-tur zamanı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. Onun sözlərinə görə,  gələcəkdə yeni texnologiyalar vasitəsilə qalıq ehtiyatların çıxarılma nisbəti də yüksələ bilər. 
Bu il Neft Daşlarında hasilata başlanmasının 70 ili tamam olur. Bu müddət ərzində "Neft Daşları"nda 2 min civarında quyu qazılıb, 200 kilometrə yaxın estakada, 333 istehsalat meydançası tikilib, 100 kilometrlərlə neft, qaz, su kəmərləri çəkilib.
Ümumilikdə “Neft Daşları” NQÇİ-nin istismar etdiyi "Neft Daşları" və “Palçıq Pilpiləsi” yataqlarından indiyədək 186 mln ton neft və 14,3 mlrd kubmetr qaz hasil olunub. Beləliklə, "Neft Daşları" NQÇİ istismarı dövründə ölkənin neft hasilatının 13 faizini birbaşa təmin edib.
Neft Daşlarında yeni quyuların qazılması davam etdirilir. İndi qazma işi aparılan 331 saylı meydançada hər birinin gözlənilən gündəlik hasilatı 10 ton neft olmaqla 10 quyunun qazılması layihələndirilib.  Ümumilikdə qarşıdakı illərdə burda 50-60 quyu qazılması nəzərdə tutulur.
İbrahim Əhmədov bildirib ki, Neft Daşları gələcəkdə də bu strateji funksiyasını davam etdirəcək. Belə ki, Abşeron yatağından hasil olunacaq qaz da məhz Neft Daşları vasitəsilə sahilə ötürüləcək.
Xatırladaq ki, dünyada dənizdə neft hasilatının tarixi  məhz Neft Daşlarından başlayır. 1949-cu ilin avqustunda  Azərbaycan neftçiləri ilk dəfə sahildən 40, Bakı şəhərindən isə 90 kilometr uzaqda – açıq dənizdə 1 nömrəli ilk quyunu qazmağa başlayıb. Həmin il noyabrın 7-də quyu 942 metr dərinlikdən, Qala lay dəstəsindən ilk neft fontanı vurub və gündə 100 tondan çox neft verməyə başlayıb. Bu, yalnız Azərbaycanın deyil, ümumilikdə dünyanın neft sənayesində dönüş nöqtəsi sayılır.


Create Account



Log In Your Account