Nov 07 2019 15:28
Views: 1040

Bu gün  yalnız Azərbaycanda deyil, bütün dünyada neft sənayesi üçün tarixi hadisə olan Neft Daşlarında hasilata başlanmasının 70 ili tamam olur. Dənizdə ilk platforma kimi Ginnesin Rekordlar Kitabına düşən  Neft Daşlarının tarixi 1948-ci ildən başlayır. Həmin  il noyabrın 14-də geoloq Ağaqurban Əliyev, qazma mütəxəssisi Yusif Səfərov və Sabit Orucov böyük çətinliklə Neft Daşları rayonuna gələrək suyun üzünə çıxmış qayalıqların birinə qədəm qoyublar. 1949-cu il avqustun 24-də isə təcrübəli buruq ustası Mixail Kaveroçkinin briqadası dünyada ilk dəfə sahildən 40, Bakı şəhərindən isə 90 kilometr uzaqda – açıq dənizdə 1 nömrəli ilk quyunu qazmağa başlayıb. Həmin il noyabrın 7-də quyu 942 metr dərinlikdən, Qala lay dəstəsindən ilk neft fontanı vurur. Bununla da Neft Daşlarında hasilat başlayır.

Estakadalar üzərində qurulan bugünki şəhərin tarixi cəmi 14 kv metr sahəsi olan kiçik evcikdən başlayıb.  Müasir Neft Daşları isə 200 kilometrə yaxın estakada, 333 istehsalat meydançası, 100 kilometrlərlə neft, qaz, su kəmərlərinin üzərində dayanır. Neft istehsalat sahələrində 2 mindən çox insan çalışır. 70 il ərzində  platformanın ərazisində 2 min quyu qazılıb. Bu gün adaya ancaq gəmi və ya vertolyotla getmək mümkündür. Müasir hasilat və istehsalat texnologiyalarından istifadə nəticəsində ekologiyaya təsir sıfra endirilib.

Texniki möcüzə olan Neft Daşlarında salınan şəhər unikallığı ilə diqqətləri cəlb edir. Bu gün də yeni quyuların qazılması və tikintisi işləri davam etdirilir. Hazırda qazma işi aparılan 331 saylı meydançadan hər birinin gözlənilən gündəlik hasilatı 10 ton neft olmaqla 10 ədəd quyunun qazılması layihələndirilib.

Ötən müddət ərzində "Neft Daşları" yatağından 176 mln ton neft və 13,6 mlrd kubmetrə yaxın həcmdə təbii qaz hasil olunub. Bu, Azərbaycanın ümumi neft hasilatının13%-i deməkdir. Burda reKord göstərici 1967-ci ildə qeydə alınıb, həmin il 7.6 milyon neft hasil olunmuşdu. Neft daşları yatağı nə qədər yaşlı olsa da, son illər həyata keçirilən tədbirlər nəticəsində burda hasilat artır. Neft Daşlarının hasilat səviyyəsi son illər 20 faizdən çox artıb. Ötən il hasil olunan neftin həcmi 1 milyon tonu keçib. (SOCAR-IN ÖZ QRAFİKASI)

Hazırda “Neft Daşları" yatağı üzrə qalıq ehtiyatlar 210 mln ton, çıxarıla bilən ehtiyatlar isə 18-20 mln ton civarındadır. Bununla belə gələcəkdə yeni texnologiyalar sayəsində yataqdan daha çox ehtiyatın hasil olunması mümkündür.


Create Account



Log In Your Account