Jul 03 2020 18:23
Views: 536

Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin əməkdaşları 700 mm-lik Böyükşor-Sumqayıt neft boru kəmərinin Sumqayıt şəhəri, Yeni Yaşayış Massivi, BTZ bağlarından keçən 31,8-ci kilometrliyində sızma aşkar edib. Əraziyə dərhal şirkətin Neft Kəmərləri İdarəsinin “Abşeron” İstehsalat Bölümünün qəza-bərpa briqadası cəlb edilib. Əraziyə baxış keçirilən zaman boru kəmərinin sızma baş verən hissəsinin vətəndaş Ehtiram Nəsibov tərəfindən zəbt olunduğu müəyyənləşdirilib. Boru kəmərinə cəmi 1-2 metr məsafə tikilən ev qəzanın aradan qaldırılması zamanı xüsusi texnikaların işləməsini xeyli çətinləşdirib. Bununla belə həyətyanı sahəyə axan neft sızıntısının toplanması üçün çuxur qazılıb, xüsusi vakumlu avtomobil vasitəsilə neft bu çuxurdan götürülüb. Daha sonra borunun qəza baş verən hissəsi müəyyənləşdirilərək təmir olunub. Ev sahibi,1993-cü ildə Laçın rayonundan məcburi köçkün düşmüş Ehtiram Nəsibov bildirib ki, evi 1994-cü ildə tikib və ərazidən neft kəmərinin keçməsindən xəbərsiz olub. Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin “Abşeron” İstehsalat Bölməsinin rəisi Nizami Qafarov bildirib ki, sözügedən kəmər Bakının Dübəndi qəsəbəsinə qədər uzanır, bir çox yerlərdə, o cümlədən Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrində fərdi yaşayış evləri ilə əhatə olunub. Nəticədə təhlükəsizlik işçiləri kəmərin vəziyyətini vaxtı-vaxtında yoxlaya bilmirlər. Qəzanın baş verdiyi ərazi Böyükşor-Sumqayıt neft boru kəmərinin 31-ci km-liyidir və hazırda qəzanın səbəbi araşdırılır. Qeyd edək ki, boru kəmərlərinin mühafizə zonasının müəyyən edilməsinə dair Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli qərarı mövcuddur. Bu qərara əsasən, boru kəmərlərinin hər tərəfindən 50 metr mühafizə zonası müəyyən olunur. Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə mühafizə zonası 25 metr götürülür. Mühafizə zonasında tikinti işlərinin və digər işlərin aparılması qadağan edilir.


Create Account



Log In Your Account