Sep 20 2018 16:07
Views: 443

Rəsm əsəri yaratmaq üçün heç də hər zaman fırça və boyaya ehtiyac olmur. Bəzən bunun üçün fırça əvəzinə rəssam barmaqları və neft kifayət edir. Sabir Çopuroğlunu həmkarlarından fərqləndirən ən əsas özəlliyi də məhz neftlə rəsm çəkməsidir. Onun neft qoxan rəsmləri dünyanın bir sıra muzeylərində nümayiş olunur,  Amerika, Britaniya, Türkiyə, Yaponiya, Almaniya və digər ölkələrdə şəxsi kolleksiyaları bəzəyir. 90-cı illərin əvvəllərində Bakıya gələn rəssam bu şəhəri bütün dünyada məşhur edən qara qızılla rəsmlər çəkməyə başlayıb. Məqsədi yenilik etmək olub. Öz üslubu, texnikası olan müəllifin ideyasının yaranma tarixçəsi də maraqlıdır.  
“Düzünü desəm, neftlə şəkil çəkmək ideyası uşaqlıq illərimdən gəlir. Uşaq vaxtı nənəmin ayaqlarında ağrılar olurdu. Ona Naftalandan bir şüşə müalicəvi neft gətirmişdilər. Mən də həmin şüşəni oğurlayıb neftlə divara şəkil çəkmişdim. Bütün divarı qaralamışdım. Peşəkar rəssamlığa başlayanda isə çox axtarışlardan sonra yenilik edib neftlə rəsmlər çəkməyə başladım. Bayıldakı neft bataqlıqlarından neft toplayıb eksperimentlər edirdim.  Bu ideya mənə məxsusdur və ilk dəfə bu texnikanı mən kəşf eləmişəm”.
Rəssam Sabir Çopuroğlu özünəməxsus texnika ilə neftin kətan üzərində qurumasına nail olub. Bu sahənin patenti də rəssama məxsusdur. Deyir ki, neft şəhərində ona qədər heç kimin ağlına neftlə rəsm çəkmək ideyası gəlməyib. Əsərləri ilə ilk dəfə turistlər və xarici neft şirkətləri maraqlanmağa başlayıb.
“Neftlə çəkilmiş ilk əsərimi alman ailə almışdı. O zamanlar əsərlərimi Bakının mərkəzi küçələrindən birində satırdım. Onlar şəhəri gəzərkən rəsmlərimi görüb bəyənmişdilər və almışdılar. Türkiyənin iri neft şirkəti mənim 15 əsərimi alıb, birini prezident Rəcəb Tayyip Ərdoğana hədiyyə etmişdi. Azərbaycanın Dövlət neft Şirkəti əsərlərimlə maraqlanır və  də sifarişlər verir”.
Rəssamın əsərlərinin əsas mövzusu da neftlə bağlıdır. Ən çox sevdiyi  “Qədim Bakı” əsərində neft mədənləri, Bakının tarixi keçmişi əks olunur. Ən uğurlu əsərləri sırasında “Qarabağ şikəstəsi”, “Xanəndələr”, “Musiqi alətləri”, milli qəhrəmanlarımıza həsr etdiyi  işlər də  var. Kətana dırnaqları ilə toxunan sənətkar deyir ki, rəsmlərini əlləri ilə çəkmək ona daha asan gəlir.
“Neft elə bir şeydir ki, gərək rəsmi tez çəkib bitirəsən. Quruyana kimi əsər bitməlidir. Neft quruyanda onunla çəkmək də çətin olur. Yaxşı əhvalda olanda səhər başladığım işi axşama bitirirəm. Ümumiyyətlə, bir əsər 2-3 günə başa gəlir. Əsərin ölçüsündən asıldır,  elə olur ki, böyük əsər olanda bir həftə də çəkə bilir. Uzunluğu 2 metrədək əsərlərim var ki, onları 10 günə bitirmişəm”.
Azərbaycan və Gürcüstan Rəssamlar İttifaqlarının üzvü olan Sabir Çopuroğlunun Amerika Birləşmiş Ştatları, bir sıra Avropa və Asiya ölkələrində sərgiləri təşkil olunub. Bakıda keçirilən ənənəvi Beynəlxalq Neft-Qaz Sərgisində Azərbaycan pavilyonunda 60 əsəri nümayiş olunub və böyük marağa səbəb olub. Dünyanın bir sıra ölkələrindən rəssamın sənət sirlərini öyrənmək üçün gələnlər var. Onun yeganə davamçısı isə özoğludur.


Create Account



Log In Your Account