Sep 20 2019 16:44
Views: 219

 

Azərbaycan dünya neft sənayesi tarixində çox ilklərə imza atıb. Bütün dünyaya səs salan yeniliklərdən biri isə Neft Daşlarının salınmasıdır. 1949-cu il noyabrın 7-də 1 saylı quyudan neftin fontan vurması ilə açıq dənizdə neft çıxarmanın əsası dünyada ilk dəfə məhz Bakıda qoyuldu. Neft daşlarının banilərindən biri məşhur qazmaçı Yusif Səfərovdir. Onun yaxın qohumu və işinin davamçısı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Neft və qaz mühəndisliyi kafedrasının professoru Eldar Süleymanov CBC-yə müsahibəsində Yusif Səfərovun neftçi peşəsinə sevgisini övladlarına da aşıladığını deyir:

Azərbaycan neftçilərinin, xüsusilə qazmaçıların əldə etdikləri nailiyyətlər təkcə ölkəmizin deyil, dünyanın neft sənayesi tarixində də əhəmiyyətli çəkiyə malikdir. XX əsrin əvvəllərində Azərbaycanda ad çıxardan qazmaçılardan biri Usta Piri adıyla tanınan Piri Quliyev olub.

Usta Pirinin digər oğlu İsrafil Quluzadə, nəvəsi də neft sahəsində çalışıblar, bəzi kəşflərə imza atıblar. Dünyada tanınmış azərbaycanlı qazmaçılardan biri isə Eyyub Tağıyevdir. Məhz onun başçılığı ilə aparılan kəşfiyyat nəticəsində Krasnokamenskdə “İkinci Bakı" tapılıb.

1955-ci ildən etibarən Eyyub Tağıyev Hindistanda neft yataqlarını kəşf edib,onun proqnozlarına əsasən, Pəncabda və Bombey yaxınlığında qazılan quyular fontan vurub. İndi Kəlküttənin mərkəzi parkında Eyyub Tağıyevin qara mərmərdən hazırlanmış büstü var. Eyyub Tağıyev Argentinada və Braziliyada da böyük neft və qaz ehtiyatlarının olduğunu sübut edib. Vyetnamda isə ilk neft yataqlarını açan yenə də həmyerlimiz Cəlal Məmmədov olub. Müasir dövrdə də Azərbaycan qazma ustaları dünyanın müxtəlif ölkələrində, aparıcı neft şirkətlərində lider mövqelərdə təmsil olunurlar.

Müsahibimiz professor Eldar Süleymanovun özü də Azərbaycanın Neft və Qaz Sənayesinin dəniz və quru  sahələri ilə yanaşı, “Schlumberger” Beynəlxalq neft kompaniyasında işləyib, “Çıraq” platformasının  ilk  12  quyusuna və “Dədə Qorqud”  yarımdalma  qurğusunun  qazılan quyularına  qəyyumluq  edib. 2004-cü ildə  SOCAR-ın “Fəxri fərmanı” ilə  təltif olunan Edar Süleymanov hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində  Neft və Qaz mühəndisliyi kafedrasında ingilis dilində dərs deyir. Professor əmindir ki, Azərbaycanlı mütəxəssislər hələ uzun illər dünya neft-qaz sənyaesinin inkişafına öz töhfəsini verəcəklər.


Create Account



Log In Your Account