Apr 24 2019 14:29
Views: 314

ABŞ-ın İrandan xam neftin ixracına qoyduğu sanksiya üzrə güzəşt müddətinin uzadılmaması İranın neft ixracına əhəmiyyətli təsir göstərməyəcək. Ekspertlər bu fikirdədir. İranın konsaltinq şirkətinin nümayəndəsi Əli Rza Şirməhəmmədi CBC-yə açıqlamasında bildirib ki, bu qərar neftin qiymətinin artması ilə nəticələnəcək ki, bu da region ölkələrinə sərf etmir.

Xatırladaq ki, daha əvvəl ABŞ İrandan neft alan ölkələrə sanksiyalar tətbiq edib. Lakin Çin, Yaponiya, Cənubi Koreya, Türkiyə, Tayvan, İtaliya, Yunanıstan və Hindistan istisna siyahısına daxil edilmişdi.

Rəsmi Vaşinqton bu güzəştin mayın 2-də başa çatdığını bildirib. Dövlət katibi Mayk Pompeo bu ölkələrə İrana alternativ olaraq Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən neft almağı təklif edib. Birləşmiş Ştatların bu qərarını Türkiyə etirazla qarşılayıb. Türkiyənin alternativ neft alışı mənbələrinin məhdud olması səbəbindən rəsmi Ankara üçün İranı əvəz etmək asan deyil. Ümumilikdə İran nefti Türkiyənin idxalının 1/4-ni təşkil edir. Bu baxımdan sanksiyalardan ən çox əziyyəti Türkiyə çəkəcək. Qardaş ölkə üçün alternativlərdən biri Azərbaycan ola bilər. Ekspertlər hesab edir ki, bunun üçün kifayət qədər potensial var.

Xatırladaq ki, ötən il noyabrın 5-də ABŞ İrana qarşı sanksiyaların ikinci paketini tətbiq edib. Burada əsas müddəalardan biri İrandan neft alan ölkə və şirkətlərə sanksiya tətbiq edilməsidir. Həmin vaxt ümumi neft idxalında İranın payı yüksək olan 8 ölkəyə 180 günlük güzəşt müddəti verilmişdi. Ağ Ev bu müddətin uzadılmamasına qərar verib.

Artıq Çin və Cənubi Koreya da Amerika Birləşmiş Ştatlarının qərarına etirazını bildirib. Rəsmi Pekin Vaşinqtondan bununla bağlı açıqlama tələb edib. Cənubi Koreya nümayəndə heyəti də məsələ ilə bağlı müzakirə aparmaq üçün ABŞ-a səfər edəcək.


Create Account



Log In Your Account