Apr 15 2019 18:08
Views: 329

Bakı Beynəlxalq Avtovağzalının ərazisində Nəqliyyat qovşağı istifadəyə verilib. Əsas məqsəd turistlərin, eləcə də regionlardan paytaxta gələn vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etmək, avtobusların, minik avtomobillərinin hərəkətini nizamlamaqdır. 50 min kvadrat metr ərazini əhatə edən qovşağın ərazisində yaşıllaşdırma və abadlıq işləri aparılıb. Tikintisi 2 ildir davam edən qovşaq regionlardan, eləcə də Sumqayıtdan gələn avtobus və minik avtomobillərin gəliş nöqtəsi kimi fəaliyyət göstərir. Nəqliyyat və piyada axınları, avtonəqliyyat vasitələrinin giriş-çıxış yerləri bir-birindən ayrılıb. Eyni zamanda qəzaların sayının minimuma endirilməsi məqsədilə qovşaqda Almaniyanın “SAP”şirkəti ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində unikal sistem yaradılacaq.

Kompleksdə dispetçer və bilet satış məntəqəsi, gözləmə zalları, müasir standartlara cavab verən ictimai-iaşə obyektləri yerləşir. Eləcə də  telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, aviabilet satışı və turizm xidmətləri göstərən yeni “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir.  Qovşaq ərazisində sərnişin daşımalarını və təhlükəsizlik tədbirlərini nəzarətdə saxlamaq məqsədilə yeni layihəyə də start verilib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyinin təşəbbüsü ilə “Cisco” şirkəti ilə reallaşdırılan layihə nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına xidmət etməklə  yanaşı bütün proseslərin rəqəmsallaşdırılmasına imkan verəcək.

Yeni istifadəyə verilən qovşağın imkanlarından istifadə edən sərnişinlər xidmətlərin keyfiyyətindən razılıq edir.

Bu gündən qovşağın ərazisində Sumqayıt avtostansiyası da fəaliyyət göstərir. 11 daşıyıcı ilə xidmətdə olan bu avtostansiyada 78 avtobus, 7 marşrut xidməti fəaliyyət göstərəcək. Eyni zamanda qovşaq ərazisində minik avtomobillərinin saxlanması üçün də imkanlar yaradılıb.

 


Create Account



Log In Your Account