Jan 17 2019 18:44
Views: 453

Azərbaycana daha çox turist cəlb etmək üçün yeni layihələr həyata keçirilir. Pekində Azərbaycan Turizm Bürosu, Azərbaycan Hava Yolları və Çin Xalq Respublikasının aparıcı turizm şirkəti arasında imzalanan anlaşma memorandumu da buna xidmət edir. Memoranduma əsasən Pekin-Bakı birbaşa aviareysləri ilə çinli turistlərin Azərbaycana səfəri nəzərdə tutulur.
Eyni zamanda Çində Azərbaycan daha çox tandırılacaq. Çin tərəfi Azərbaycanın turizm potensialının təbliğatı ilə məşğul olmaq öhdəliklərini öz üzərinə götürüb.
Beynəlxalq statistikaya görə, hər il dünyada 1 milyard 300 milyondan çox insan səyahət edir. Say baxımından avropalı turistlər çoxluq təşkil etsə də, xərclər baxımından üstünlük Çin vətəndaşlarındadır. Buna görə də yeni saziş Azərbaycanın turizm sənayesi üçün çox əhəmiyyətli hesab edilir.
Memorandumun ən önəmli müddəalarından biri tranzitlə bağlıdır. Belə ki, çinli turistlər Bakı üzərindən digər ölkələrə də səfər edə biləcəklər. Bununla Bakının tranzit rolu artırılacaq və daha çox Çin vətəndaşı Azərbaycanı tanıyacaq.
Turizm potensialının irimiqyaslı təbliğatı məqsədilə atılan addımlardan biri də, Azərbaycanın Hindistanda “SATTE 2019” beynəlxalq sərgisində iştirakıdır. Yanvarın 18-dək davam edəcək üç günlük sərgidə ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun mütəxəssislərilə yanaşı, ümumilikdə 19 qurum təmsil edir. Bu, Cənubi Asiyanın ən böyük səyahət və turizm sərgisidir. Burada dünyanın müxtəlif ölkələrindən turizm və hotelçilik mütəxəssisləri təcrübələrini bölüşürlər. Dünyanın 40-dan çox ölkəsindən 1000-dən artıq iştirakçının qatıldığı sərgi ötən il 30 min ziyarətçi qəbul edib.


Create Account



Log In Your Account