Mar 12 2018 16:44
Views: 1213

Beynəlxalq Nobel Akademiyası və “Etnodünya” etnoqrafik park-muzeyi Nobel qardaşlarının Bakıdakı iqamətgahında təqdim olunan unikal layihələrdir. Təqdimat mərasimində millət vəkilləri, ictimai xadimlər, diplomatlar iştirak ediblər. Beynəlxalq Nobel Akademiyası gələcəkdə məzunlarına Amerika Birləşmiş Ştatları, Rusiya, İsveçrə və İngiltərə kimi ölkələrin ali məktəbləri ilə birgə iki diplom təqdim edəcək.

Nobel Qardaşlarının iqamətgahında təqdim olunan digər layihə isə etnoqrafik muzey-parkdır. Burda Azərbaycanda həyata keçirilən bir çox layihələr barədə məlumat verilir. İndi Bakı yaxınlığında “Etnodünya” layihəsinin Azərbaycan variantının yaradılması istiqamətində danışıqlar aparılır.

Bütün bu addımları İsveçin Azərbaycandakı diplomatik missiyası yüksək qiymətləndirir. Bu ölkənin müvəqqəti işlər vəkili Kristian Kamil bildirir ki, Bakı nefti Nobel qardaşlarının həyatında mühüm rol oynayıb. Bu gün də İsveç şirkətləri Azərbaycanda fəaliyyətə maraq göstərirlər. Perspektivli sahələrdən biri yüksək texnologiyalar və kənd təsərrüfatı hesab olunur.
Yaxın vaxtlarda Bakıda Alfred Nobelin yeni heykəli ucaldılacaq. Dünya elminin, sənayenin inkişafında böyük xidmətləri olan Alfred Nobel həm də humanitar fəaliyyəti ilə seçilib. Bu heykəlin kiçik surəti Nobel İrsi Fonduna təqdim edilib.


Create Account



Log In Your Account