Oct 05 2018 18:30
Views: 397

Norveçin paytaxtı Osloda Nobel sülh mükafatının qaliblərinin adları açıqlanıb. Nobel komitəsinin qərarına əsasən builki mükafatın sahibləri iraqlı hüquq müdafiəçisi Nadia Murad və konqolu həkim Denis Mukveqe elan olunub. Onlar hərbi münaqişələr zamanı cinsi zorakılığın döyüş silahı kimi istifadəsinə son qoymaq uğrunda səylərinə görə bu mükafatı alıblar.

Bu il Nadia Murad qadınlara qarşı cinsi zorakılıq barədə çıxışlar edib. Bu mükafat bu ilin yeganə hadisəsi deyil. Onun səyləri davamlı olub və bu səylər BMT tərəfindən, digər cəsur şəxslər tərəfindən dəstəklənib. Biz indi, 2018-ci ildə görürük ki, doktor Denis Mukveqe və Nadia Murad cari il ərzində bu mesajı ən təsirli yollarla çatdırıblar.

Milliyyətcə yezidi kürdü olan Nadia Muradı İraqda İŞİD terror qruplaşmasının üzvləri oğurlayaraq girov saxlayıb. Sonradan terror qruplaşmasının düşərgəsindən qaçmağı bacaran Nadia Murad cinsi istismara məruz qaldığını bildirib və özü kimi terror qurbanı olan qadınların hüquqlarını müdafiə etməyə başlayıb. Konqolu həkim Denis Mukveqe isə ölkəsində klinika açaraq cinsi istismara məruz qalan qadınlar üçün pulsuz tibbi xidmətlər göstərir.

Bu il Nobel sülh mükafatına 300-dən çox namizəd var idi. Bunlardan 200-dən çoxu fərdi şəxslər, qalanı təşkilatlar idi. Bu il mükafata Almaniya kansleri Angela Merkel, ABŞ Prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Çen In, hüquq müdafiəçisi Amal Kluni də namizəd göstərilmişdi. Nobel sülh mükafatının qaliblərinə 1 milyon dollardan artıq pul təqdim olunacaq. 

 


Create Account



Log In Your Account