Mar 19 2019 18:16
Views: 473

Martın 20-dən 26-dək Novruz bayramı ilə əlaqədar Azərbaycanda qeyri-iş günləridir. Bir sıra dövlət qurumları vətəndaşların rahat istirahətini təmin etmək üçün bayram günlərində də çalışacaqlar. Gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları gücləndirilmiş iş rejiminə keçəcək. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi də bayram günlərində abonentlərini fasiləsiz mavi yanacaqla təmin edəcək. Bu günlərdə qaz təchizatına nəzarət gücləndiriləcək.

Qurum rəsmisinin sözlərinə görə, bayram günlərində qəza halları istisna olmaqla, təbii qaz təchizatını məhdudlaşdıracaq planlı işlərin görülməsi nəzərdə tutulmur. Novruz günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksi də gücləndirilmiş iş rejimində çalışacaq. Martın 15-dən 18-dək daxili və beynəlxalq istiqamətlərdə 450-dən çox reyslə 13-14 min sərnişin daşınıb. Bu da əvvəlki günlərdən 2 dəfə çoxdur. Martın 15-dən avtovağzal kassalarının qarşısında yeni monitorlar da quraşdırılıb. Bu monitorlarda daxili və beynəlxalq istiqamətlərdə hərəkət edən reyslərdə yerlərin sayı, peronun nömrəsi və eləcə də, biletin qiyməti göstərilib. 

Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətləri ilə təmin ediləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən telefon, internet, mobil rabitə, radio-televiziya yayımı və poçt xidmətlərindən keyfiyyətli istifadəsinə dair telekommunikasiya operatorlarına tapşırıqlar verib. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti də bayram günlərində əhaliyə xidmət göstərəcək. Bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və “955” Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Novruzla əlaqədar “Bakı Metropoliteni” də gücləndirilmiş iş rejimində çalışacaq. Bayram günləri əlavə işçi qüvvəsi və texniki vasitələr cəlb ediləcək. Zərurət yarandığı halda ehtiyat qatarlar xəttə buraxılacaq. Bütün stansiyalarda isə əlavə növbətçilik rejimi olacaq. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti də bu günlərdə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 20-24 mart tarixlərində qeyri iş günü olacaq. Martın 25-dən etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlanmaq mümkündür. Vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 “Çağrı” Mərkəzi vasitəsilə əldə edə bilərlər.


Create Account



Log In Your Account