May 15 2018 18:34
Views: 352

Azərbaycan torpaqlarının işğalı insan hüquqlarının həyata keçirilməsində əsas maneələrdən biridir. Xarici işlər nazirinin müavini Xələf Xələfov Cenevrədə İnsan Hüquqları Şurasının 30-cu iclasında Universal Dövri Hesabat çərçivəsində Azərbaycanla bağlı hesabatın müzakirəsi zamanı belə deyib. Qeyd edib ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi azərbaycanlıların hüquqlarının kütləvi şəkildə pozulmasına və işğal olunmuş ərazilərdə etnik təmizləmələrin aparılmasına gətirib çıxarıb. Bu, beynəlxalq humanitar hüquq normalarının pozulmasıdır. Azərbaycanın Avropa İnsan hüquqları məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə çıxışında diqqəti Ermənistanın Azərbaycan vətəndaşlarının hüquqlarını pozmasına yönəldib. Avropa İnsan huquqları məhkəməsində Çıraqov və digərlərinin iddiasını xatırladıb.
Müzakirələr zamanı Azərbaycanda insan hüquqları sahəsində aparılan islahatlar barədə məlumat verilib, ayrı-ayrı dövlətlərin nümayəndələrinin sualları cavablandırılıb. Ədliyyə Nazirinin müavini Toğrul Musayev ölkədə məhkəmə sistemində son illər çox sayda islahatlar həyata keçirildiyini, ölkədə vəkillərin sayının artdığını, qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün prosedurların sadələşdirildiyini deyib.
Nazir müavini qeyd edib ki, ölkədə qeyri-hökumət təşkilatları ilə bağlı atılan addımlar hesabatlılığın və şəffaflığın artırılması məqsədi daşıyır. Ümumilikdə müzakirələrin məhsuldar keçdiyini deyən xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycanın BMT ilə əməkdaşlığa böyük önəm verdiyini deyib. Bildirib ki, Azərbaycan BMT-nin Davamlı İnkişaf Məqsədləri təşəbbüsündə iştirak edir, təhsil və səhiyyə sahələrinin inkişafı ilə bağlı işlər görülür.
Qeyd edək ki, Cenevrədə İnsan Hüquqları Şurasının 30-cu iclasında Universal Dövri Hesabat çərçivəsində Azərbaycanla bağlı hesabatın müzakirəsi mayın 17-də yekunşalacaq.


Create Account



Log In Your Account