Sep 11 2018 15:24
Views: 1661

Azərbaycan Ədəbiyyatında "Əbədiyyət üfüqünün günəşi" adlandırılan İmadəddin Nəsiminin əvəzolunmaz yeri var. Ana dilində mükəmməl şeir nümunələri yaradan şairin poeziyası dünyanın yaranması, həyat və təkamül haqqında dərin fəlsəfi fikirlərlə zəngindir. Nəsiminin şöhrəti hələ sağlığında Azərbaycanın hüdudlarını aşaraq Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyaya, eləcə də Orta Asiyaya yayılıb.
Filosof şairin yaradıcı dünyasını yaşatmaq və onu bir daha bütün dünyaya nümayiş etdirmək, şeir və sənəti yaşatmaq məqsədilə Nəsimi - şeir, incəsənət, mənəviyyat festivalı keçiriləcək. Sentyabrın 28-də Heydər Əliyev Mərkəzində baş tutacaq rəsmi açılış mərasimində Nəsiminin şeirləri səsləndiriləcək, muğamlardan parçalar ifa olunacaq.
Festival günlərində Mərkəzdə “Hürufiyyə” sərgisi və britaniyalı bəstəkar Brayan İnonun  “77 milyon rəsm” musiqi və video-art instalyasiyası da təqdim ediləcək. Kamillik fəlsəfəsini poeziyasının ana xəttinə çevirən şairi bir sıra xalqlar özününküləşdirmək istəyib. Ədəbiyyatçılar bu baxımdan festivalın elmi əhəmiyyətini yüksək qiymətləndirirlər.
Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə dörd gün davam edəcək  festival çərçivəsində incəsənət, şeir və mənəviyyatın yaşadılması xarakterli müxtəlif tədbirlərin təşkili planlaşdırılır. Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində tanınmış yoqa ustası Nandan Qautam  ilə “Bədii yoqa sessiyası” keçiriləcək. Festival günlərində Şirvanşahlar sarayında, Daş Salnamə Muzeyində, Qala qəsəbəsində müxtəlif tədbirlər, konsert proqramları, incəsənət layihələri nümayiş olunacaq. İçərişəhərdə poeziya nümunələri, sərgilər, instalyasiyalar və  teatr tamaşaları təqdim ediləcək. Festivalın sonunda “Söz” ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr olunan şeir müsabiqəsinin qalibləri mükafatlandırılacaq.


Create Account



Log In Your Account