Sep 07 2018 14:31
Views: 542

Azərbaycan daha bir möhtəşəm söz-sənət bayramına ev sahibliyi edəcək. Bu dəfə söz sərrafları və musiqi biliciləri sentyabrın 27-dən 30-dək Azərbaycanda Nəsimi poeziyasının işığına toplaşacaqlar. Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə dörd gün davam edəcək möhtəşəm Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalına ciddi hazırlıq işləri gedir.  Nəsimi festivalı çərçivəsində respublikada müxtəlif mədəni tədbirlər də keçiriləcək. 
Festival çərçivəsində sentyabrın 29-da Maqsud İbrahimbəyov yaradıcılıq mərkəzində şairə Leyla Bəyim və kinorejissor Yefim Abramovun müəllifi olduğu “Qurban” immersiv tamaşasının fraqmentlərinin premyerası baş tutacaq. Bu pyes eyni ildə doğulan, amma bir-birindən uzaqda yaşayan iki maarifçi insan - İmadəddin Nəsimi və Yan Qusa həsr olunub. Bu mütəfəkkirlərdən biri Şərqdə, digəri Qərbdə yaşasa da, onlar oxşar ideya və baxışlara malik olublar. İki dahini həm də faciəli tale və həyat yolu birləşdirir
Pyesin quruluşçu rejissoru Vaqif Əsədov hesab edir ki, dahi mütəfəkkir və filosofa həsr edilmiş festivalın təşkili təkcə ölkənin mədəni həyatı üçün yox, ümumilikdə bütün ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edir. 
Pyesdə Şərq və Qərb dünyasında mədəniyyətlərin və baxışların oxşarlığından bəhs olunur. Bu əsər imkan verir ki, tamaşaçılar iki böyük alimin həmin dövrdəki tarixi hadisələrə münasibəti ilə tanış ola bilsinlər. 
Pyesin süjetinə görə, Praqa Universitetindən olan gənclər Nəsimi və Yan Qus yaradıcılığını araşdırırlar. Onlar hesab edirlər ki, Şərq və Qərb aləminə aid olan bu iki dahi insan gələcək nəsillərə hansısa müraciət ünvanlayıblar. Pyesin əsasını da XV və XXI əsrləri birləşdirən bu müraciətin axtarışları dayanır. Pyes rus dilində şeir formasında yazılıb, Azərbaycan və ingilis dillərində tərcümə olunub.


Create Account



Log In Your Account