Sep 20 2018 16:05
Views: 531

Azərbaycanda ilk dəfə keçiriləcək Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalına hazırlıqlar davam edir. Nəsimi festivalı çərçivəsində Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında “Açılan divar” ictimai incəsənət layihəsinin təqdimatı da planlaşdırılır. Layihə çərçivəsində 10-dək yerli və xarici “urban art” rəssamı binanın divarları üzərində öz əsərlərini yaradacaqlar. Artıq Cənubi Afrika Respublikası və Fransadan olan rəssamlar öz əsərləri üzərində işlərini tamamlamaq üzrədir. Cənubi Afrikanın Yohannesburg şəhərindən olan rəssam Roan Hendrikz deyir ki, Nəsimi festivalının mövzusuna uyğun hazırladığı əsəri mövcudluğu və bütövlüyü təcəssüm etdirir.
“Adətən təhlükəli və ya maneələr olan yerdə rastlaşdığımız Chervon adlandırılan küçə nişanlarının təkrarlanmasından ibarət mandala hazırlamışam. Nəticədə belə rəngarəng bir əsər ortaya çıxıb. Gördüyünüz kimi, qırmızı, sarı, mavi, ağ və qara rənglərdən istifadə etmişəm. Hər rəng spesifik xarakteristikanı təmsil edir. Misal üçün, qırmızı rəng enerji, sarı xoşbəxtlik, qara diqqətin vahid mərkəzə cəmlənməsini, ağ rəng isə sülhü ifadə edir. Gördüyünüz əsər isə bütün deyilən elementlərin vəhdətidir”.
Fransadan olan rəssam Filipp Baudelok (Philippe Baudelocque) Nəsimi fəlsəfəsinin ruhuna çox yaxın olduğunu deyir. Rəssam hesab edir ki, Nəsiminin bəşəri ideyalarının təbliğinə müasir dövrümüzdə də ehtiyac var.
“Mənim üçün Nəsimi çox bəşəri insandır. Mən də bir çox məsələlərə onun prizmasından yanaşmağa çalışmışam. Bəşəriyyətdə bütün elemenlər bir-birinə bağlıdır. Bu gördüyünüz əsər nə Fransaya, nə də Azərbaycana aid deyil. Mən makroskopik və mikroskopik elementlərin vəhdətini yaratmağa çalışmışam”.
“Açılan divar” ictimai incəsənət layihəsinin təqdimatı sentaybrın 30-da baş tutacaq.  Uşaq və yeniyetmələr əsərlərin yaradılması prosesini yaxından müşahidə edərək ustad rəssamların rəhbərliyi ilə rəsmlər çəkəcəklər. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri isə daha sonra həmin eskizləri binanın divarlarına böyük ölçüdə əks  etdirəcəklər.


Create Account



Log In Your Account