Sep 21 2019 18:39
Views: 228

“Nəsimi – şeir, incəsənət və mənəviyyat”. Sentyabrın 28-dən oktyabrın 1-dək Azərbaycanda keçiriləcək festival belə adlanır. Festival dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığının tədqiqi və təbliği məqsədi daşıyır. Tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində söz ustadına həsr olunan xalça eskizi müsabiqəsinin yekun sərgisi də açılacaq. Ekspozisiyada müsabiqənin qalibi olan 3 əsər əsasında toxunan xalçalar, həmçinin təqdim edilən işlər arasından münsiflər heyətinin seçdiyi kreativ xalça eskizləri nümayiş olunacaq.

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Mİlli Xalça Muzeyinin elan etdiyi müsabiqədə yaşı 20-dən yuxarı yaradıcı şəxslər iştirak edib. Qaliblərin hər üçü Azərbaycandan seçilib.

Fatimə Axundzadənin “Nəsim yeli” eskizi 1-ci yer, Rühəngiz Bağırovanın “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” adlı işi 2-ci yer, Sürəyya Dadaşovanın “Göz yaşı” əsəri isə 3-cü yeri tutub. I və II yerlərin qaliblərini münsiflər heyəti müəyyən edib. III yerin qalibi isə muzeyin “Facebook” səhifəsində ən çox tamaşaçı səsi toplamış eskizin müəllifi olub. Müsabiqənin qalibi olan 3 əsər əsasında hazırda Azərbaycan Milli Xalça Muzeyində xalçalar toxunur.

Festival şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları altında keçiriləcək. 


Create Account



Log In Your Account