Dec 07 2019 19:56
Views: 186

Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiqləyib. Təqvim Planına əsasən, birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi seçkilərin təyin edilməsi haqqında Prezidentin sərəncamı rəsmi dərc olunduqdan sonra başlayır. MSK sədri Məzahir Pənahov bildirib ki, Dairə seçki komissiyası müvafiq sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərarını qəbul edəcək. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət də müəyyənləşib. Seçki Məcəlləsinin 75-ci maddəsinə əsasən, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiya blokları və ya onların səlahiyyətli nümayəndələri tərəfindən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır. MSK sədrinin sözlərinə görə, parlament seçkilərini izləmək istəyən yerli və beynəlxalq müşahidəçilərə də xüsusi diqqət ayrılacaq. Təqvim Planına əsasən, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsi prosesi 2020-ci il yanvarın 10-u saat 18.00-dək başa çatacaq. Seçkiqabağı təşviqat gələn il 17 yanvarda başlayacaq, 8 fevral saat 8.00-da başa çatacaq. MSK seçkilərlə əlaqədar “Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri 2020-ci il yanvarın 20-dək qəbul edəcək və yanvarın 30-dək qərar qəbul edəcək. Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-u, bazar gününə təyin edilib.


Create Account



Log In Your Account