Jan 17 2018 18:12
Views: 1828

Ermənilərin etnogenezinə uyğun nə tarixləri, nə ədəbiyyatı, nə də əlifbası var. Bunların hamısı vaxtilə kilsə tərəfindən uydurulub. Tarixçi və filoloq Əjdər Tağıoğlu CBC-yə müsahibəsində belə deyib. Bu yaxınlarda professor Əjdər Tağıoğlunun “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabı çapdan çıxıb. Bu əsərində müəllif sübut edir ki, çağdaş erməni tarixçilərinin və dilçi alimlərinin yunandilli keşiş Mesrop Maştosu V əsrdə “erməni əlifbası”nı ixtira etmiş “tarixi şəxsiyyət” kimi qələmə vermələrinin heç bir əsası yoxdur. Çünki bu şəxs yunan dilli ailədə doğulub və pravoslav olub.
Kitabda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına istinadlar edilir. Müəllif məşhur rus, erməni və Avropa tarixçilərinin fikirlərinə əsaslanaraq belə qənaətə gəlib ki, tarixdə “Mesrop Maştos” adında əlifba “ixtiraçısı”, ermənilərin etnolinqvistikası əsasında sistemə salınmış “erməni əlifbası” olmayıb. “Erməni yazısı” isə “Avesta yazısı”nın üzü çıxarılmış variantıdır. Avropalı erməni dilçi alim Açaryan da “erməni yazısı”nın mənşəyini “Avesta yazısı”na bağlayır. Nikitin Eminin “Qədim dövrlərdə ermənilərin “Avesta” yazısından istifadə etdiklərini” yazması da bunu sübut edir. Müəllif qeyd edir ki, ərəb ordusu “Avesta” ədəbiyyatından tonqallar qalayıb,  xalqımızın zəngin mənəviyyat, mədəniyyət və dövlətçilik tarixini sildikləri bir vaxtda da yunandilli Kilikiya erməni kilsəsi bu hadisədən riyakarcasına faydalanıb. Onlar fürsəti əldən vermədən “Avesta yazısı”nı “erməni yazısı” kimi tarixiləşdiriblər. Sonradan bura bəzi yeni fonetik fərqləri - erməni boğaz səslərini süni şəkildə əlavə ediblər.
Əjdər Tağıoğlu xatırladır ki, “erməni yazısı”nın qədim mənşəyini gizlətmək məqsədilə Eçmiadzin kilsəsi Oğuz türklərinin kitabələrində “Avesta” kəlamlarından oyulmuş yazı mətnlərini xüsusi qəddarlıqla şikəst edib. Ermənilər eyni təxribatı “Van" gölü ətrafında Maday-türk imperiyasının Əhəməni dövrünə aid tapılmış “Avesta” daş yazılarının mətnlərində də aparıblar. Bütün bunlara baxmayaraq, çağdaş erməni yazısının “Avesta yazısı”nın kilsədə üzü çıxarılmış şəkli olduğunu gizlətməyə çalışan ermənilərin çirkin əməlləri mütəxəssis linqvist-dilçi alimlərin diqqətindən yayınmayıb.
Əjdər Tağıoğlu iddia edir ki, ermənilərin ümumtürk mədəniyyəti, xüsusilə də avesta ilə bağlılıqlarını sübuit edən başqa faktlar da var. Qeyd edək ki, “Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir” kitabı müəllifin “Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin mifoloji və filoloji tarixidir” seriyasından növbəti əsərdir.


Create Account



Log In Your Account